AZ

“1988-ci ilin noyabrında baş verənlər Azərbaycan xalqının milli dirçəliş tarixində dönüş nöqtəsi oldu” – Deputat

“1988-ci ilin noyabrı Azərbaycan xalqı üçün həlledici mərhələ idi. Ermənilərin Şuşanın Topxana meşəsində tikinti məqsədilə ağacları kəsməyə başlaması haqlı narazılıq yaratdı. Bu hadisə yüz minlərlə insanı etiraza səslədi. Noyabrın 17-dən dekabrın 4-dək Bakıda kütləvi mitinqlər keçirildi. Bu etirazlar erməni özbaşınalığına və Sovet İttifaqının ikili standartlarına qarşı yönəlmişdi”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Millət vəkilinin sözlərinə görə, xalq 18 gün fasiləsiz olaraq milli azadlıq şüarları səsləndirərək tarixi dirəniş nümayiş etdirib:

“Bu aksiyalar Sovet İttifaqında keçirilmiş ən genişmiqyaslı etirazlardan biri idi və Azərbaycanın milli dirçəliş hərəkatının əsasını qoydu. Uzun illər sovet rejimi altında yaşamış xalq öz haqqını tələb edirdi. Bu isə imperiyanı ciddi narahat etmişdi. Dekabrın 3-dən 4-nə keçən gecə mitinq dağıdıldı və Bakıda fövqəladə vəziyyət elan olundu. Lakin bu addım milli azadlıq hərəkatını dayandıra bilmədi. Noyabrın 17-də başlanan hadisələr artıq Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrildi və Azadlıq meydanı sonrakı illərdə də milli iradənin ünvanına çevrildi”.

Könül Nurullayeva qeyd edib ki, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ilk sessiyasında dövlət rəmzləri ilə bağlı mühüm qərarlar qəbul olunub:

“Xalq deputatlarının müzakirələrindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi bərpası ilə bağlı təklif irəli sürüldü. Sessiya üçrəngli bayrağın Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edilməsinə qərar verdi və onun bütün ölkə üzrə dövlət bayrağı statusu alması üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı.

Həmin sessiyada həmçinin “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı və respublikanın adı “Naxçıvan Muxtar Respublikası” olaraq dəyişdirildi. Ali Sovet isə “Ali Məclis” adlandırıldı. Beləliklə, Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda yenidən dalğalandı və dövlət atributları ilə bağlı tarixi qərarlar qəbul olundu. Kommunist Partiyasının hələ hakimiyyətdə olduğu bir dövrdə atılan bu cəsarətli addımlar Azərbaycanın müstəqillik yolunu açdı və milli dirçəliş prosesinin məntiqi nəticəsi oldu”.

Deputat vurğulayıb ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə isə müstəqil dövlət quruculuğunda yeni inkişaf mərhələsi başladı:

“Azərbaycan qısa müddətdə Cənubi Qafqazın lider dövlətinə çevrildi. Son beş ildə isə ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün 37 il əvvəl müstəqillik uğrunda ayağa qalxan xalq qalib bir dövlətin müzəffər vətəndaşları kimi tarix yazır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr