AZ

Dorin Boqdan-Martin: Azərbaycan rəqəmsal inkişaf sahəsində qabaqcıl rol oynayır

Bakı, 17 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan rəqəmsal inkişaf sahəsində qabaqcıl rol oynayır. Ötən il COP29 çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi ilk “Rəqəmsallaşma Günü” bu il COP30 tədbirində də ənənəyə çevrilib. Bu, Azərbaycanın rəqəmsal inkişaf sahəsində göstərdiyi liderliyin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin deyib.

“2030-cu il üçün nəzərdə tutulan “Rəqəmsal Azərbaycan Strategiyası” xüsusi qeyd edilməlidir. “Digital Silk Way” layihəsinin regionda rəqəmsal əlaqələndirməni gücləndirəcəyinə böyük ümidlər bəsləyirik”, - deyə D.Boqdan-Martin əlavə edib.

D.Boqdan-Martin bildirib ki, Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində 194 üzv dövlət, özəl sektor nümayəndələri, akademiklər və vətəndaş cəmiyyəti iştirakçıları bir araya gələrək 2 milyarddan çox insanın internetə çıxış imkanını artırmaq, qlobal rəqəmsal bərabərsizliyi azaltmaq üçün həll yollarını müzakirə edirlər.

O əlavə edib ki, konfrans zamanı infrastruktur, rəqəmsal bacarıqların artırılması, kibertəhlükəsizlik, süni intellekt, kosmos texnologiyaları və digər innovativ sahələrdə yeni imkanlar müzakirə olunacaq: “Biz buraya gəlmişik ki, rəqəmsal inkişafın faydaları hər kəs üçün əlçatan olsun”.

Seçilən
145
1
azertag.az

2Mənbələr