Noyabrın 16-da Daşkənddə keçirilən toplantıda Azərbaycan Prezidentinin çıxışı tranzit-qovşaq imkanlarının genişləndirilməsi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi və regiondakı iqtisadi aktivliyin artırılması baxımından diqqət mərkəzində oldu. Xüsusilə “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi planı türk dövlətləri arasında məlumat axınının sürətini, kibertəhlükəsizliyi və rəqəmsal ticarət imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Bununla paralel, Xəzərin dibi ilə elektrik kabeli layihəsi Mərkəzi Asiya–Qafqaz–Avropa enerji xəritəsində strateji yenilikdir. Bu infrastruktur sayəsində Türk dövlətləri elektrik enerjisini birgə ixrac edə, qlobal bazarlarda rəqabət qabiliyyətini yüksəldə və Avropanın enerji şaxələndirməsinə töhfə verə biləcəklər. Layihə həm də regionun yaşıl enerji potensialının – xüsusilə külək və günəş enerjisinin – ixracını sürətləndirərək, uzunmüddətli iqtisadi dividendlər yaradacaq.
Ümumilikdə, Daşkənd görüşü türk dünyasını nəqliyyat, rəqəmsal və enerji sahələrində bir-birinə daha sıx bağlayan yeni strateji xəttin konturlarını ortaya qoydu.