ABŞ prezidenti Mamdaninin Vaşinqtona gəlməyə hazır olduğunu bildirib…
ABŞ prezidenti Donald Tramp Nyu-Yorkun yeni seçilmiş meri Zöhran Mamdaninin Vaşinqtonda onunla görüşmək arzusunda olduğunu açıqlayıb.
Poliqon xəbər verir ki, Tramp bu barədə 16 noyabrda Palm-Biçdən (Florida ştatı) Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində danışıb.
“Mən deyərdim ki, Nyu-Yorkun meri bizimlə görüşmək istəyir və biz nəsə barədə razılığa gələcəyik. O, Vaşinqtona gəlmək və görüşmək istəyir. Biz nəsə qərar verəcəyik”, — deyə Tramp bildirib.
Nyu-Yorkda mer seçkiləri 4 noyabrda keçirilib. Tramp şəhər sakinlərini müstəqil namizəd Endryu Kuomoya səs verməyə çağırmış, Mamdani qalib gələrsə, Nyu-Yorka ayrılan federal vəsaitlərin məhdudlaşdırıla biləcəyi ilə hədələmişdi. ABŞ prezidenti Mamdanini “kommunist” adlandırsa da, yeni seçilmiş mer özünü “demokratik sosialist” kimi təsvir edir.
5 noyabrda Fox News telekanalına müsahibəsində Tramp bildirmişdi ki, təşəbbüs göstərib əlaqə yaratmalı olan tərəf Mamdaninin özüdür. O əlavə etmişdi ki, Nyu-Yorku sevdiyi üçün yeni merin uğurlu olmasını istəyir, lakin Mamdani ABŞ administrasiyasına “hörmətlə yanaşmalıdır”.
Tramp və Mamdani arasında potensial görüşün gündəliyinin nədən ibarət olacağı açıqlanmayıb, lakin federal vəsait, şəhərin təhlükəsizlik siyasəti və sosial proqramların maliyyələşdirilməsi kimi məsələlərin ön planda olması gözlənilir.
Poliqon.info