AZ

SAMENA Şurasının baş icraçı direktoru: Azərbaycan son illərdə rəqəmsal inkişaf sahəsində böyük addımlar atıb

Bakı, 17 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının (WTDC-2025) Bakıda keçirilməsi qlobal rəqəmsal inkişafın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə AZƏRTAC-a açıqlamasında BMT-nin Genişzolaqlı Rabitə Komissiyasının üzvü və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Özəl sektorun baş tənzimləyici məmurları toplantısının sədri, SAMENA Telekommunikasiya Şurasının baş icraçı direktoru və İdarə Heyətinin üzvü Bocar A. BA deyib.

“Çox şanslıyıq ki, bu önəmli konfrans Azərbaycanın paytaxtı Bakıda keçirilir. Dövlətinizin qonaqpərvərliyinə görə minnətdarıq. Bu tədbir dörd ildən bir keçirilir, siyasətçiləri, tənzimləyiciləri və özəl sektoru bir araya gətirir”, – deyə o bildirib.

Bocar A. BA vurğulayıb ki, konfransın əsas məqsədi rəqəmsal imkanlardan kənarda qalmış əhali qruplarını internetlə təmin etməkdir: “Konfransın açılışındakı çıxışlarda da qeyd olunduğu kimi, heç kimi geridə qoymadan, sürətli rəqəmsal inkişaf üçün səylərimizi gücləndirməliyik”.

Azərbaycanın son illərdə telekommunikasiya və kibertəhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərə toxunan icraçı direktor bildirib: “Azərbaycan son illərdə rəqəmsal inkişaf sahəsində böyük addımlar atıb. Kibertəhlükəsizlik bu prosesin ayrılmaz hissəsidir, çünki etibarlı şəbəkələr yaratmadan inkişaf mümkün deyil. Biznesin əsas şərti etimaddır. Etibarlı və dayanıqlı şəbəkələrin qurulması isə daha çox investisiya cəlb edir. Bu, ölkə üçün mühüm perspektivlər açır”.

SAMENA Telekommunikasiya Şurasının rəhbəri əlavə edib ki, müasir rəqəmsal ekosistemdə dövlət-özəl sektor əməkdaşlığı xüsusi önəm daşıyır və Bakıda keçirilən WTDC-2025 bu istiqamətdə qlobal dialoqa təkan verir.

Qeyd edək ki, SAMENA Telekommunikasiya Şurası Hindistan yarımadası, Asiya, Yaxın Şərq və Şimali Afrika regionunda fəaliyyət göstərən ən böyük genişzolaqlı operator qruplarını təmsil edən, qlobal miqyasda təsirə malik regional təşkilatdır.

 

Seçilən
76
azertag.az

1Mənbələr