Həftəsonu yuxunu “çıxarmağa” çalışmaq iş həftəsinin əvvəlində çətinliklər yarada və xüsusən də bazar ertəsi oyanmanı daha əzablı edə bilər.
Redaktor.az xəbər verir ki, bunu somnoloq, tibb elmləri namizədi Sofiya Çerkasova lenta.ru-ya müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, insanlar adətən şənbə və bazar günləri daha çox yatırlar, çünki iş günlərində kifayət qədər yata bilmirlər. Nəticədə iş və istirahət günlərində oyanma vaxtı arasında altı-yeddi saata qədər fərq yarana bilər.
“Məsələn, insan cümə günü səhər saat altıda oyanır, amma şənbə günü günortadan sonra durur. Bu, zaman qurşaqlarını kəskin dəyişmək kimi təsir göstərir. Belə rejimdə bazar ertəsinə qədər daxili bioloji saat pozulur və səhər tezdən oyanmaq xüsusilə çətin olur”, - deyə Çerkasova xəbərdarlıq edib.
Aytəkin TOFİQQIZI