AZ

Meksikada “Z nəsli”etirazları böyüyür –

Meksikada “Z nəsli” adı altında yayılan etirazlar genişlənərək ölkənin müxtəlif bölgələrini əhatə edib.

Aksiyalara səbəb isə son dövrlər zorakılığın artması və bu ay korrupsiya əleyhinə mübarizəsi ilə tanınan bir merin ictimai tədbirdə qətlə yetirilməsi olub.

Minval.info xəbər verir ki, Meksika şəhərində keçirilən etirazlar zamanı bir qrup maskalı aksiyaçı Prezident Klaudia Şeinbaumun yaşadığı Milli Sarayın ətrafındakı baryerləri dağıdıb. Bu isə çevik polis qüvvələri ilə qarşıdurmaya səbəb olub.

Reuters-in xəbərinə görə, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Şəhərin ictimai təhlükəsizlik katibi Pablo Vaskez bildirib ki, toqquşmalarda 100 polis əməkdaşı yaralanıb, onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib, həmçinin 20 mülki şəxs xəsarət alıb. Onun sözlərinə görə, ümumilikdə 20 nəfər saxlanılıb, əlavə olaraq 20 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Etirazlar təkcə paytaxtla məhdudlaşmayıb — ölkənin bir çox şəhərlərində yürüşlər təşkil olunub. Xüsusilə Miçoakan ştatında narazılıq artıb; burada noyabrın 1-də Uruapan meri Karlos Manso “Ölülər Günü” tədbiri zamanı ictimaiyyətdə güllələnərək öldürülmüşdü.

Paytaxtdakı aksiyalarda etirazçılar hakim “Morena” partiyasına qarşı “Morena, rədd ol!” şüarları səsləndirib, həmçinin zorakılığa qarşı hökumətin daha sərt tədbirlər görməsini tələb ediblər: “Karlos ölmədi, onu hökumət öldürdü!

Etirazların təşkilatçısı olduğunu bildirən “Generation Z Mexico” qrupu sosial şəbəkələrdə yaydığı manifestdə hərəkatın siyasi olmadığını, zorakılıq, korrupsiya və hakimiyyət sui-istifadəsindən bezmiş Meksika gəncliyini təmsil etdiyini açıqlayıb.

Prezident Şeinbaum administrasiyası isə iddia edir ki, etirazların böyük hissəsi sağçı siyasi opponentlər tərəfindən təşkil edilib və sosial şəbəkələrdə botlar vasitəsilə daha geniş kütləyə çatdırılıb.

Seçilən
273
minval.info

1Mənbələr