Brazilya millisinin baş məşqçisi Karlo Ançelotti Seneqalla keçiriləcək yoldaşlıq oyunundan öncə 2026-cı il dünya çempionatına hazırlıq barədə danışıb və “Real Madrid”in ulduzları — Rodriqo və Vinisius Juniorun eyni vaxtda meydanda olub-ola bilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az "Sport.es”ə istinadən xəbər verir ki, italyan mütəxəssis komandanın hələ də üzərində işləməli olduğu detalların olduğunu vurğulayıb:
“Dünya çempionatına hazır olmaq üçün öyrənməyə və inkişaf etməyə davam etməliyik. İndiyədək gördüyümüz işdən razıyam, amma səhvlərimizin də fərqindəyik. Çünki indi səhv etmək mümkündür, amma mundialda bir səhv səni evə göndərə bilər”.
Ançelotti Vinisius və Rodriqonun eyni vaxtda oynamaq imkanına da toxunub:
“Onlar bunu rahatlıqla edə bilərlər. Çünki “Real Madrid”də illərlə birlikdə oynayıblar. Hazırda yaxşı formadadırlar, diqqətlidirlər və milli komandaya böyük töhfə verə biləcəklərinə inanıram”.
Baş məşqçi futbolçularla davamlı dialoqun vacibliyini də qeyd edib:
“Hər bir oyunçu ilə danışmaq, onların taktiki və şəxsi fikirlərini anlamaq lazımdır. Kimisə istəmədiyi mövqedə oynamağa məcbur etməyəcəyəm. Oyunçu özünü rahat hiss etdiyi mövqedə olmalıdır. Vinisiusla bağlı məsələ isə taktiki yox, daha çox şəxsi xarakterli idi”.
Qeyd edək ki, Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin son qalibi Argentina millisidir. 2022-ci ilin finalında Fransa ilə qarşılaşan argentinalılar əsas vaxtı 3:3 hesabı ilə tamamlamış, penaltilərdə 4:2 hesabı ilə qalib gəlmişdilər.