Son illərdə Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinin mühüm strateji düyün nöqtəsinə çevrilib. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı–Tiflis–Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi irimiqyaslı layihələr Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirir, ölkəni Avrasiya ticarət zəncirinin əsas tranzit mərkəzlərindən birinə çevirir.
Bu layihələr həm region dövlətlərinin iqtisadi inteqrasiyasına, həm də qlobal ticarətin şaxələnməsinə xidmət etməklə Azərbaycanın rolunu yüksəldir. Lakin məhz bu yüksəliş nəqliyyat qovşaqlarımızı destruktiv qüvvələrin hədəflərinə çevirərək yeni təhlükəsizlik çağırışları yaradır. Məsələyə prezident İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində də toxunnub.
Dövlət başçısı qeyd edib ki, sözügedən tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil: “Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır. Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır... Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir”. Bununla yanaşı, prezident vurğulayıb ki, nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir: “Məhz buna görə də xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilmişdir. Əsas nəqliyyat obyektlərinə, marşrutlara və ümumiyyətlə dövlətlərimizə qarşı planlaşdırılan pozuculuq aktları barədə fasiləsiz və operativ məlumat mübadiləsinin aparılması və birgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir. Müvafiq kontekstdə tranzit xətlərimizdən istifadə etməyə cəhd göstərən terrorçu təşkilatların və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyat tədbirlərinin hazırlanması və reallaşdırılması da prioritet fəaliyyət istiqamətləri sırasında yer öalmalıdır. Bu əməkdaşlıq kibertəhdidlərdən müdafiə, eləcə də nəqliyyat axınlarına nəzarət və monitorinq üçün qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini də əhatə etməlidir”. Burada qeyd edək ki, Azərbaycanın tranzit və logistika imkanlarının genişlənməsi ölkənin siyasi, iqtisadi və texnoloji maraqlarını daha çox qlobal proseslərin mərkəzinə yerləşdirir. Azərbaycan artıq yalnız region üçün deyil, həm də Çin–Avropa ticarət xətti üçün alternativ, daha sürətli və təhlükəsiz bağlantı təklif edir. Bu isə öz növbəsində ölkəni beynəlxalq rəqabət və geostrateji oyunların birbaşa hədəfinə çevirir. Elə bu çərçivədə destruktiv qüvvələrin hədəfi bir neçə istiqamətdə özünü göstərə bilər: informasiya təxribatları və manipulyasiyalar, kiberhücumlar və texniki sabotajlar, regiondaxili siyasi gərginliklərin qızışdırılması, alternativ nəqliyyat marşrutlarının təbliği və sair. Məqsəd Azərbaycanın tranzit üstünlüyünü zəiflətmək, investisiya axınlarını azaltmaq, Orta Dəhlizin cəlbediciliyinə zərbə vurmaq və region ölkələri arasında əməkdaşlığı pozmaqdır.
Ümumiyyətlə, bu gün destruktiv qüvvələr ənənəvi hərbi vasitələrlə yanaşı, hibrid metodlara daha çox üstünlük verir. Nəqliyyat qovşaqları genişmiqyaslı fiziki hücum üçün çətin hədəf olsa da, onların fəaliyyətini pozmaq üçün kifayət qədər zərif və görünməz üsullar mövcuddur. Kibertəhlükələr xüsusilə kritik sahəyə çevrilib: limanların idarəetmə sistemlərinə, dəmir yollarının nəqliyyat koordinasiya proqramlarına, hava limanlarının trafik sistemlərinə yönəlmiş hücumlar yükdaşımaları iflic edə bilər. Digər tərəfdən, bəzi regional aktorlar alternativ marşrutların təşviqi ilə Orta Dəhlizin rəqabət qabiliyyətini azaltmağa çalışırlar. Bu məqsədlə Azərbaycanın tranzit imkanları barədə mənfi informasiya kampaniyaları aparmaq, region ölkələri arasında siyasi etimadsızlıq yaratmaq kimi vasitələrdən istifadə edilir. Azərbaycanın nəqliyyat qovşaqlarını həssas edən digər amil Cənubi Qafqazda gedən geosiyasi proseslərdir. Erməni lobbi dairələrinin manipulyativ təsirləri, bölgədə maraqları toqquşan böyük dövlətlərin siyasəti, postsovet məkanında rəqabətin kəskinləşməsi nəqliyyat təhlükəsizliyini daha da vacib istiqamətə çevirir. Azərbaycanın Zəngəzur dəhlizi, Orta Dəhliz və Xəzər üzərindən keçən logistika bağlantılarındakı artan rolu bu rəqabət fonunda daha çox diqqət mərkəzindədir. Bütün bu risklər fonunda Azərbaycan nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin olunması üçün çoxvektorlu siyasət həyata keçirir. Ölkənin həyata keçirdiyi inteqrasiya, təhlükəsizlik və rəqəmsallaşma tədbirləri bu riskləri balanslaşdırmağa və nəqliyyat infrastrukturunun dayanıqlığını uzunmüddətli perspektivdə təmin etməyə imkan verir.
Samirə SƏFƏROVA