AZ

“Rusiya bizim Kiyevdəki səfirliyimizə qəsdən, qisas almaq üçün ZİYAN VURUB”

“Azərbaycan səfirliyi hərbi obyekt deyil. Dronlar, İsgəndər raketi necə olur ki, gəlib bizim səfirlik binamıza ziyan verir?”

Minval.info xəbər verir ki, bu sualla bu gün TV Müsavatın “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərov çıxış edib. Onun sözlərinə görə, Rusiyanın Kiyevə “İsgəndər”lə hücum etməsi, raketin qalıqlarının isə Azərbaycanın Ukraynadakı səfirliyinə düşməsi düşünülmüş addımdır: “ Putindən indi bunun səbəbini soruşsaq, “belə bir şey olmayıb” deyə yalandan təkzib verər. Azərbaycan da təsdiq edib ki, səfirliyimizin binasına zərər dəyib. O Yevdakimovu çağırıb, dişinə iki dənə nota taxmaq lazımdır ki, dişlərinin şəklini çəkib, Rusiyaya nota verildiyini bildirsin. Siz nə vaxta qədər Azərbaycan səfirliyinə, Azərbaycanın mədəniyyət mərkəzlərinə ziyan vuracaqsız? Biz də sizin nə zamansa adam olacağınızı düşünəcəyik? Biz bəzən boşluğa yol verir, rusların nazı ilə çox oynayırıq. Səfirliyə niyə “İsgəndər” raketinin qalıqları düşməlidir? Azərbaycan səfirliyinin ətrafında səngər var, ya flaminqo raketi, ya döyüşlər gedir o həndəvərdə? Putinin hərdən beyni gedir və deyir ki, ötən ilin dekabrında Azərbaycan təyyarəsinin yanında general Talapilonun gözünə dron görünüb və ona görə də təyyarə səhvən vurulub. Onsuz da rusun gözünə ürəyi nə istəyirsə, görünür”.

Ü.Cəfərov hesab edir ki, Rusiya hər fürsətdə Azərbaycana ziyan vurmaq, ondan qisas almaq istəyir: “Ay Rusiya, Azərbaycan səfirliyindən nə istəyirsiz? Kiyevdəki Fransa, Böyük Britaniya səfirliklərinin binasını vura bilərsiz? Yox. Görün neçənci dəfədir ki, bizim səfirliyimiz rusların zərbəsindən ziyan çəkir. Azərbaycanı öz aləmində cəzalandırmaq istəyir Putin. Amma bizə pislik edən də heç vaxt xeyir tapmır və tapmayacaq. Rusiya hər zaman rəzil vəziyyətdə düşüb. Putin bu gün çıxıb deməliydi ki, Kiyevi vurarkən Azərbaycan səfirliyini vurduğumuz üçün üzr istəyirik. Amma onlarda üzrxahlıq mədəniyyəti yoxdur. Sadəcə dünyaya yalan satırlar. Guya Rusiya hansısa kəndi işğal edib. Kənd işğal etmək hələ heç nə demək deyil. Onu götürəndən sonra əldə saxlamaq da vacibdir”.

Seçilən
39
50
minval.info

10Mənbələr