AZ

“Bacarmırsan, istefa ver! Sənə görə dəsmal götürüb ağlayım?”

“Müəllimə dərsdən sonra corab toxutdurub, tort bişirtdirəcəksiz?”

“Bizdə bir çox nazirlərin öz sahələri ilə bağlı çıxıb cəmiyyətə şikayət etmələri dəb halını alıb”.

Musavat.com xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli TV Müsavatın “Canlı debat” verilişində aparıcı Sevinc Telmanqızının suallarını cavablandırarkən bildirib.

O deyib ki, xüsusən də son zamanlar elm və təhsil nazirinin bu şikayətləri absurd həddinə çatıb:

“Bacarmırsan, istefa ver və get. Mən nə edim? Sənin sahəndə olan problemə görə dəsmal götürüb ağlayım?”

N.Cəfərli elm və təhsil nazirinin təhsilin keyfiyyətini artırmaq üçün sertifikasiyadan keçən müəllimlərin daha yüksək maaşla səhər saat 8-dən axşam 6-ya kimi məktəbdə olmaları ilə bağlı təklifə də münasibət bildirdi. Dedi ki, nazirin bu məsələdə “çılğın bir ideyası” da ola bilər:

“Bəlkə də məktəblərdə dərzi sexi açacaq, müəllimlərə köynək tikdirəcək, corab toxutduracaqlar. Ya da kuliniariya sexi açıb, tort bişirtdirəcəklər. Müəllimlərin maaşı azdır? Nazirlik də deyir ki, evə gedib neyləyəcəksiz? Evdə ərin deyinməsi, uşaqların səs-küyündənsə qalın məktəbdə, əlavə iş yeri kimi burda işləyin. Mən bunu ironiya ilə desəm də, bunun başqa anlamı yoxdur. Saat 9-dan axşam 6-ya kimi məktəbdə otur nə deməkdir? Uzaqbaşı o məktəbin otağını yenə direktordan icarəyə götürüb orda uşaq hazırlayacaq”.

Partiya sədrinin sözlərinə görə, uzun illər müəllimlərlə hakimiyyət arasında “centlmen anlaşması” olub.

N.Cəfərli dedi ki, bu anlaşma “siz seçkidə mənə kömək edirsiz, mən də sizin qanunsuzluqları görmürəm” üzərinə imzalanıb:

“Axı belə olanda bu məşhur anlaşma da pozulacaq. Mən razıyam, qoy pozulsun bu anlaşma. Amma müəllimlərin səhərdən axşama qədər məktəbdə oturmasının mənasını anlaya bilmirəm. Belə olanda o müəllim də məktəbdən ərizə yazıb, çıxacaq. Deyəcək ki, sizin verəcəyiniz 700 manat maaşı istəmirəm, gedib hazırlıq kursunda daha artıq maaşla işləyəcəm. Onda nə olacaq? Onsuz da bizdə müəllim çatışmır. Regionlarda da müəllim çatışmazlığı var, hamı şəhərə gəlib. İstənilən məmur istənilən qərarı verəndə bunun məntiqini izah etməlidir. “Mənim kefim belə istəyir”, “Gecə yuxumda bunu gördüm, ona görə edəcəm”, “Ərəb ölkələrində belədir” kimi izahatlar keçərli deyil”.

Natiq Cəfərli eyni zamanda bildirdi ki, ölkədəki nazirlər arasında ən təqdir etdiyi elm və təhsil naziri E.Əmrullayevdir. Onun sözlərinə görə, o, rəhbərlik etdiyi sahədəki vəziyyəti düzəltməyə çalışan, çabalayan, təkliflər verən biridir:

“Həm də onun sözləri çarəsizlik ifadəsi, etirafıdır. Bu təklifin yeganə məqsədi həm də bu, ola bilər ki, artıq müəllimlərin repetitorluq fəaliyyəti də vergiyə cəlb olunur. Sonra icazə verəcəklər ki, saat 2-dən sonra məktəbdə individual məşğələ keç şagirdlərinə. Amma rəsmi vergini ödə, VÖEN aç, o da rəsmi iş yeri kimi statistikaya əlavə olunsun. Bu isə dolayısı ilə hamının bir-birini aldatması deməkdir”.

Seçilən
145
1
minval.info

2Mənbələr