Nə sirdirsə, meydana çıxanda bizim milli komandanın üzvləri rəqiblə müqayisədə daha çox həvəskar kimi görünürlər
Azərbaycan milli komandasının qarşılaşmalarına həvəskarların oyunu kimi baxmaq insanı rahatladır - nə həyəcanlanırsan, nə də son nəticədən məyus olursan. Əvvəllər millimiz Avropadakı bəzi cırtdan ölkələrlə qarşılaşanda və onlara uduzanda media yazırdı ki, bəs, bu komandada peşəkarlar deyil, həvəskarlar oynayırlar. Çilingər, riyaziyyat müəllimi, hətta gözətçi və s.
Azərbaycan millisində oynayan məsələn, Emin Mahmudov, Bəhlul Mustafazadə, eləcə də Toral Bayramov həvəskar deyillər, hətta heyətdə xaricdə oynayanlar da var. Söhbət ondan gedir ki, nə sirdirsə, meydana çıxanda bizim milli komandanın üzvləri rəqiblə müqayisədə daha çox həvəskar kimi görünürlər.

Reykyavikdə sentyabrdakı biabırçı məğlubiyyətdən sonra baş məşqçi Santuş evinə göndərildi. Bunu neçənci dəfədir yazıram ki, Santuşdan nəticə istəməzdən öncə ona müasir futbolu oynaya bilən, bu tələblərə fiziki olaraq cavab verən futbolçular da verməliydik. Azərbaycan millisinin qapısına 5 cavabsız top vuran islandiyalılar Santuşun sonun gətirdilər, amma portuqaliyalının istefaya göndərilməsindən sonra da millidə guya nə dəyişib? Mən peşəkar idman yazarı deyiləm, həvəskaram. Amma çox futbola baxmışam, yaxşı komanda ilə pis komanda arasında fərqi görə bilirəm. Ayxan Abbasov böyük riskə getdi, komandaya rəhbərlik etməyə razı oldu. AFFA-nın ondan nə tələbi ola bilərdi ki? Ancaq komandanı seçmə mərhələsində qalan oyunlara hazırlamaq. “Şamaxa”nın da baş məşqçi olan Abbasov yalnız bu qədərini bacara bilər. Eksprementləri maraqlıdır, heyətə yeni oyunçular cəlb edib, onlara oynamaq şansı verir. Yəni rahatdır, millinin bu seçmə mərhələdə heç bir iddiası, gözləntisi yoxdur. Amma bu rahatlıq Nəriman Axundzadəni hücumçu adı ilə meydanda 70 dəqiqə saxlamaq rahatlığı da verməməlidir. Bu oyunçu haqda çox tənqidlər yazılır, onu “Qarabağ”dan tanıyırıq. Qurban Qurbanov da ona güvənir, meydana buraxır, amma son qarşılaşmalarda kluba da faydası yoxdur. Yazırlar ki, hansısa Avropa klubu onunla maraqlanır. Allah eləsin, getsin...

Ayxan Abbasovun Almaniya ikinci liqasında öz klubunda oynamayan Mahiri də eynilə son qarşılaşmalarda meydanda yormasına lüzum yox idi. İndi də zədələndi, oynasaydı, bəlkə də hücum xətti bu qədər dişsiz olmazdı. Ayxan Abbasov klublarda oynayan oyunçuları yaxşı tanıyır, onlarla münasibəti millidə mehribançılıq, xoş əhval-ruhiyyə yarada bilər, bu əladır. Mən epizodu dəqiq görmədim, amma şərhçi dedi ki, Toral əvəzedilməsinə etiraz edib. Futbolda bu olan hadisədir, amma normal deyil, pis baxırlar belə hərəkətlərə. Bunu Toral klubunda edə bilməz, bəs o zaman niyə millidə edir, normaldırmı? Yadımda deyil millinin hansısa oyunu idi, Ramil Şeydayevlə Toral penaltini vurmaq üstündə topu dartışdırırdılar...

İslandiya bu gecə qalib gəlmək üçün meydana çıxmışdı, rahat oynadılar, qapımızdan 2 cavabsız top keçirdilər. İslandiya dünya futbolunda Azərbaycan millisindən çox tanınan və güclü milli komandadır. Ona görə Bakıda yaxşı nəticə, hətta qələbə qazanmağın mümkünlüyü haqda deyilənlər ciddi deyildi.
Yeri gəlmişkən, İslandiya da cırtdan dövlətdir, amma milli komandası haqda o fikri kimsə deyə bilməz. Bu cırtdan ölkə 2016-cı il Avropa çempionatında, 2018-ci ildə dünya çempionatında oynayan komandada nəsillər bir-birini əvəz edir. İndi də şansları var, Fransa bu axşam uduzsa, bu qrupda son oyunlar həlledici olacaq. Fransa Bakıya çox hirsli gələ bilər...

AFFA milli liqada əcnəbi limitini ləğv etdikdən sonra çempionat maraqlı olub, izlədiyim üçün bilirəm. Amma bu yerli oyunçuların sonu deməkdir. O klubların ki, maddi imkanları aşağıdır yerli oyunçulara yer verir, bir az imkanı olanlar isə əcnəbi alır. Qınamalı deyil. Belə olduqda milli komandaya da “mililəşən” əcnəbi axtarışı başlayır. Bəs yerli oyunçu harada yetişsin, harada oynayıb təcrübə qazansın ki? Yəni milli komandaya yanaşma da, futbol təsərrüfatına baxış da kökündən dəyişməlidir.
Başlıq sizi yanıltmasın, bu hələ son deyil, sonumuz yaxşı olsun...
Nazim SABİROĞLU,
Musavat.com