Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən mühüm tapşırıqlar verdi.
Xalqa xidmət etmək, xalqla bir yerdə olmaq!
Dövlət başçısının sosial yönümlü siyasətində bu prinsip hər zaman prioritet olub. Daim xalqın yanında olan, xalqa xidmət edən Prezident hər bir məmurdan da məhz bunu tələb edib. Lakin Prezidentin böyük etimad göstərdiyi məmurlar arasında bunu doğrultmayanlar da olur. Dövlət başçısının da dediyi kimi, bəzi məmurlar ifrat dərəcədə təkəbbürlülük göstərir, özlərini hamıdan üstün tutmağa çalışırlar, bəzi hallarda korrupsiyaya bulaşırlar, nəticədə öz nüfuzlarını da itirirlər, dövlət siyasətinə də ləkə vururlar. Bu əməllərin heç biri cəzasız qalmayıb.
Yeni təyin olunan səlahiyyətli nümayəndə və icra başçılarından xalqa xidmət etməyi tələb edən dövlət başçısı bildirdi ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq: “Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Regionların inkişafı ilə bağlı həyata keçirilən işlər nəticəsində Rayon İcra Hakimiyyətlərinin işi kifayət qədər asanlaşıb. Çünki infrastrukturun qurulması başa çatdırılıb. Magistral və şəhərlərarası yollar 100 faiz təmir edilib, 80 faizə qədər təmir edilən kəndlərarası yolların tikintisi davam etdirilir. İçməli su problemi həll edilib, hazırda kəndlərdə bununla bağlı işlər aparılır, eyni zamanda, suvarma kanalları çəkilir. Hər bir bölgədə müasir standartlara uyğun xəstəxanalar fəaliyyət göstərir. İnsanların sosial-iqtisadi təminatı istiqamətində dövlət proqramları icra olunur.