AZ

“Fransa favorit olsa da, hər şey mümkündür” – Azərbaycandakı fransız

Noyabrın 16-da diqqətlər Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu matçına çıxacaq ki, rəqib dünya və Avropa çempionu Fransa yığmasıdır.

Ötən ay Parisdə keçirilən ilk görüşdə Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv meydan sahiblərinin güclü təzyiqi qarşısında 45 dəqiqə dözmüş, ilk qolu hissəyə əlavə olunmuş 2-ci dəqiqədə buraxmışdı.

Fasilədən sonra daha 2 qol vuran fransızlar 3 cavabsız qola sevinmişdi.

Millimiz bu dəfə doğma meydanda, azərbaycanlı azarkeşlərin qarşısında oynayacaq. Bu isə qarşılaşmanın daha maraqlı keçəcəyindən xəbər verir.

“Turan Tovuz”un Fransadan olan hücumçusu İbrahima Vadji də bu cür düşünür.

Sabiq “Qarabağ”lı Sportinfo.az-a açıqlamasında Azərbaycan – Fransa matçı barədə danışıb:

“Hələ tam qərarımı verməmişəm. Oyunun başlama saatı məşqimizlə üst-üstə düşməsə, stadiona gedəcəyəm.

Maraqlı qarşılaşma olacağını düşünürəm. Fransa millisi hazırda dünyanın ən yaxşılarındandır. Onlara qarşı oynamaq heç də asan deyil.

Lakin futbolda sürprizlər qaçılmazdır. Nəticə barədə proqnoz verə bilmərəm. Onu deyə bilərəm ki, Fransa favorit olsa da, hər şey mümkündür”.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da çalınacaq.

HƏBİB

Seçilən
23
sportinfo.az

1Mənbələr