AZ

İndi heç nəyi yox, bircə 0:5-i yada salmağınız yetər!

Azərbaycan millisi növbəti, daha dəqiq desək, DÇ-2026-nın sonuncu sınaq mərhələsindədir.

Qanı qanımızdan, canı canımızdan olan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu gün Bakıda İslandiyanı, 3 gün sonra Fransanı qəbul edəcək.

4 oyundan aktivinə 1 xal yazdırmağı bacaran ölkənin bir nömrəli futbol komandası seçmə mərhələni xoş notlarla başa vurmaq niyyətindədir. Bunun üçün imkan da var, əsaslar da.

Fransa ilə qarşılaşmadan qələbə gözləmək ağılsızlıq, heç-heçəyə ümid etmək sadəlövhlük olar. Dünya çempionlarının səviyyəsi Azərbaycan hüdudlarını qat-qat aşır. Ən yaxşı halda darmadağından qaçmağa ümid edə bilərik. Fransızlara minimal hesablı yenilginin özü də Azərbaycan millisi üçün böyük iş sayılacaq.

Ümidimiz İslandiya ilə oyunadır ki, adadan gələnləri udmaq mümkünsüz görünmür.

Fernandu Santuşun “bacarığı” sayəsində islandların sentyabrda yığmamızı darmadağın etməsi futbolçuların yadından çıxmayıb. Yaxın tarixdir, ilk dəqiqədən sona qədər hər şeyi xatırlayırlar. 0:5-in məsuliyyəti portəgiz çalışdırıcı ilə yanaşı, həm də onların üzərindədir. Meydana ayaq basanda nəticəni yada salmaq bəs edəcək.

İslandiyaya yenilginin təsadüf olduğunu sübut etmək üçün ələ yaxşı imkan düşüb. Oyuna revanş əzmi ilə çıxıb, meydanın hər qarışı uğrunda mübarizə aparıb, ələ düşən ən kiçik fürsət(lər)i dəyərləndirib gecənin sürpriz nəticəsinə imza atmaq kifayət qədər realdır.

0:5 heç kimi aldatmasın. Çünki İslandiya seçməsi 5:0 boyda böyük komanda deyil. Son 3-4 ildəki nəticələrinə baxanda, nəyə qadir olduqları görünür.

Əsas üstünlükləri İslandiyadakı matçlarda üstünlük qazanmalarıdır. Rəqib meydanında oynayanda, xal itkiləri qaçılmaz olur. Kənarda o qədər vacib xallar itiriblər ki.

Ümid edək ki, Ayxan Abbasov futbolçularına lazım olan enerji və motivasiyanı ötürüb, seçmə mərhələni 4 xalla başa vurmağın əsl səbəbkarına çevriləcək.

Futbol oynamağa gərək yoxdur, döyüşkənlik bəs edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
30
sportinfo.az

1Mənbələr