AZ

Trampın təzyiqi BBC-ni diz çökdürdü — korporasiya üzrxahlıq etməyə hazırlaşır

Böyük Britaniyanın BBC korporasiyası ABŞ prezidenti Donald Trampdan şəxsi qaydada üzr istəməyə hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Məqsəd — BBC-nin Trampın çıxışını yanlış montaj etməsinə görə tələb olunan 1 milyard dollarlıq iddianın qarşısını almaqdır.

Məlumata görə, artıq Trampa ünvanlanacaq xüsusi üzr mətninin hazırlanması üzərində iş gedir. Bundan əvvəl BBC-nin İdarə Heyətinin sədri Samir Şah məsələ ilə bağlı ictimai şəkildə üzr istəmişdi.

Sözügedən qalmaqal BBC-nin 2024-cü ilin oktyabrında yayımladığı Panorama verilişindən sonra yaranıb. Montaj nəticəsində elə təəssürat yaranmışdı ki, guya Tramp tərəfdarlarını ABŞ Konqresini ələ keçirməyə çağırır. Əslində isə o, çıxışında yalnız “etirazların sülh yolu ilə aparılmasını” vurğulamışdı.

Qalmaqaldan sonra BBC-nin baş direktoru Tim Deyvi və xəbər xidmətinin rəhbəri Debora Törness istefa verib. Trampın hüquqşünasları verilişin 14 noyabra qədər tam silinməsini tələb edib və əks halda böyük məbləğli iddia qaldırılacağını bildiriblər.

"The Times" yazır ki, BBC-yə yeni baş direktorun təyin edilməsi bir neçə ay çəkə bilər. Əsas namizədlər arasında Apple şirkətinin top-meneceri Cey Hant, Left Bank Pictures-in rəhbəri Şarlotta Mur və digər tanınmış fiqurların adı çəkilir. Namizədlərdən biri seçilərsə, BBC tarixində ilk dəfə quruma qadın baş direktor rəhbərlik edə bilər.

Musavat.com

Seçilən
93
musavat.com

1Mənbələr