AZ

Paşinyan Bakıya baxıb hərəkət edir: Parad ideyası Nikola nə verəcək?

“Ermənistanda parad keçirilməsi ideyasının gündəmə gəlməsi bir tərəfdən simvolik dövlətçilik mesajı kimi təqdim olunsa də, arxa planda revanşist meyllərin canlanması ehtimalını tamamilə istisna etmir. 2020-ci il müharibəsindən sonra Ermənistan cəmiyyətində hərbi-siyasi xəyal qırıqlığı dərinləşmiş, ordunun nüfuzu zərbə almışdı. Paşinyan hökuməti bu fonu dəyişdirmək üçün illərdir ordunu siyasətdən uzaq tutmağa, komandir heyətini yeniləməyə və “siyasi qərarları hərbçilər deyil, mülki rəhbərlik verir” prinsipini gücləndirməyə çalışırdı. Lakin parad təşəbbüsü bu balansı müəyyən qədər poza bilər, çünki hərbi atributların önə çıxarılması avtomatik olaraq cəmiyyətdə “yenidən güc nümayişi” psixologiyasını dirçəldir”.

Bu fikirləri politoloq Züriyyə. Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

ABŞ

“Paradın təşkili Ermənistan daxilində müəyyən qüvvələr, xüsusilə müharibədə məğlubiyyəti qəbul etməyən siyasi dairələr tərəfindən revanşist mesaj kimi qavranıla bilər. Bəzi radikal çevrələr üçün hərbi parad “yenidən mübarizəyə hazırıq” imicinin formalaşdırılması üçün əlverişli platformadır.

Bu isə Paşinyanın uzun müddət qurmağa çalışdığı mülki nəzarət modelini zəiflədə, ordunun yenidən siyasi proseslərə alət edilməsi riskini artıra bilər. Ordunun cəmiyyət qarşısında nümayiş etdirilməsi, texnikanın və şəxsi heyətin diqqət mərkəzinə çıxarılması həm ictimai emosiyaları, həm də siyasi qütbləşməni dərinləşdirir”.

Politoloq qeyd edir ki, digər tərəfdən, parad ideyası Ermənistan hökumətinin öz daxilində də ziddiyyət yarada bilər.

“Paşinyan bir tərəfdən Qərb yönümlü islahatlara, hərbi-siyasi revanşizmdən uzaqlaşmağa çalışır, digər tərəfdən isə parad kimi addımlar daxildə “hökumət geri addım atır” rəyini gücləndirir. Bu, həm siyasi nəzarət mexanizmlərini zəiflədə, həm də müharibə ritorikasını yenidən gündəmə gətirir. Regionda Azərbaycanla sülh danışıqları aparıldığı bir dövrdə belə simvolik hərbi nümayişlər gərginlik riskini artırır və Ermənistanın öz daxilində kompromis xəttini zəiflədir”.

Z. Qarayeva sonda əlavə edib ki, parad təşəbbüsü formal olaraq dövlətçilik jesti sayılsa da, onun siyasi və psixoloji təsirləri Ermənistan üçün birmənalı deyil.

“Bu addım həm revanşist meylləri dirçəldə, həm də Paşinyanın ordunu siyasətdən uzaqlaşdırmaq strategiyasına zərbə vura bilər. Bu da Ermənistanın həm daxili, həm də regional sabitlik baxımından daha həssas bir mərhələyə daxil olduğunu göstərir”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
16
1
konkret.az

2Mənbələr