AZ

Deputat: “Prezidentin fikirləri məmurlar üçün yol xəritəsidir”

“Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”. 

Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib.  Dövlətimizin başçısı məmurlara xəbərdarlıq edib: 

“Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. 

Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. 

Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”. 

Beləliklə, dövlətimizin başçısı bir daha məmurlara xəbərdarlıq edərək, onları korrupsiyadan uzaq olmağa və xalqa ləyaqətlə xidmət etməyə çağırıb. Əks təqdirdə, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər məhkəmə qarşısında cavab verəcəklər. 

Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib ki, İlham Əliyevin Naxçıvana yeni təyin olunan Prezidentin səlahiyyətli nümayəndəsini və rayon icra hakimiyyətlərinin başçılarını qəbul etməsi ölkə başçısının həyata keçirdiyi davamlı və islahatyönümlü dövlət idarəçiliyi modelinin təcəssümüdür: 

“Hər bir dövlətin inkişafının əsasında dayanan başlıca amillərdən biri onun düzgün kadr siyasətidir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü kadr siyasəti bu anlayışa yeni məzmun qazandırıb və dövlət idarəetməsində səmərəliliyi təmin edən fundamental dəyərə çevrilib. 

Burada əsas məqsəd birmənalı olaraq ölkənin idarəetmə sistemini dinamik, çevik və səmərəli struktura çevirməkdir. Son illərdə həyata keçirilən islahatlar heç şübhəsiz ki, öz müsbət nəticələrini verməkdədir. Xüsusilə, yeni təyinatlarda müasir düşüncəyə malik, yüksək təhsilli gənclərə üstünlük verilməsi məhz gənc nəslin potensialına olan inamın göstəricisidir”. 

Millət vəkili diqqətə çatdırıb ki, qəbul çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha kadr siyasətinin hazırda dərin islahat mərhələsində olduğunu göstərir: 

“Yeni təyin olunan icra başçılarına və səlahiyyətli nümayəndəyə verilən tapşırıqlar bunun bariz nümunəsidir. Dövlət rəhbərimiz hər zaman olduğu kimi, bu dəfə də rəhbər şəxslərə konkret istiqamətlər göstərdi. Cənab Prezidentin fikirləri hər bir məmur üçün göstərilən etimadın və vəzifənin əhəmiyyətini dərk etmək baxımından yol xəritəsidir. 

Ölkə rəhbəri çıxışı zamanı onu da qeyd etdi ki, regionlarda əsas infrastruktur layihələri demək olar ki, tam yekunlaşıb. Kiçik məqamları çıxmaq şərtilə qarşıya qoyulan bütün məqsədlərə nail olunub. Bütün bunlar məhz Prezidentin uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində formalaşan reallıqlardır. 

Nəticə etibarilə aparılan məqsədyönlü kadr islahatları Azərbaycanın dayanıqlı inkişafının təminatlarından birdir. Bu strateji xətt idarəetmə islahatı, dövlətlə xalq arasında etimad körpüsünün möhkəmləndirilməsidir”. 

Seçilən
28
33
cebheinfo.az

10Mənbələr