AZ

"Manatlıq" taksilərin BAZARI BAĞLANDI

Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir.

Musavat.com Day.Az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə "20 Yanvar" stansiyasına qədər hərəkət edəcək.

18 metr uzunluğu olan avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.

500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 manat müəyyən edilib.

Yeni avtobus xəttinin açılması Sumqayıtdan Bakıya gələnlərin ürəyincə olsa da, "manatlıq" taksilərin və mikroavtobus sürücülərinin kefinə soğan doğrayıb.

Çünki 500 nömrəli avtobus fəaliyyətə başlayandan sonra "manatlıq"lara maraq azalacaq. Sürücülərin sosial şəbəkələrdəki paylaşımlarından aydın olur ki, proses başlayıb. Artıq sərnişinlər "manatlıq"lardan deyil, yeni avtobus xəttində hərəkət edən avtobuslardan istifadə edirlər.

Avtobusun üstünlükləri nələrdir?

- Avtobus xüsusi zolaqla hərəkət edir, amma "manatlıq"lar və mikroavtobuslar həmin zolağa daxil ola bilmirlər. Ona görə də vaxt baxımından yeni avtobus daha sərfəlidir. Çünki "manatlıq"lar və mikroavtobuslar avtobus zolağına daxil ola bilmədiyi üçün uzun müddət qalmalı olurlar. 500 nömrəli avtobuslar isə xüsusi zolaqdan istifadə etməklə, mənzil başına tez çatır.

- Avtobus "manatlıq"lara qiymət baxımından da zərbə vurub. Bakı-Sumqayıt və əksinə hərəkət edən taksilər adətən sərnişi 1-2 manata daşıdığı halda, 500 nömrəli avtobusun gedişhaqqı 0,80 manatdır.

- Əsas məqamlardan biri də təhlükəsizlikdir. Qeyd edilən istiqamətdə səfər edən vətəndaşlar bilir ki, "manatlıq"ların və mikroavtobusların sürücüləri nəqliyyat vasitəsini sürətlə idarə edilər. Bu isə sərnişinlərin həyatı üçün təhlükəlidir. Dövlət tərəfindən xəttə buraxılan avtobusların sürətinə isə xüsusi nəzarət olunduğu üçün sürücülər təhlükəli manevrlərdən çəkinirlər.

Təbii ki, sərnişin 1-2 manat ödəyib tıxacda uzun müddət gözləmək və təhlükəli anlar yaşamaq əvəzinə 0,80 qəpik ödəyib rahat avtobusdan istifadəni seçir. Bu isə "manatlıq"lara və mikroavtobuslara marağı kəskin azaldır. Nəticədə onların gəliri azalmağa doğru gedir. Proseslər göstərir ki, yaxın 3-4 il ərzində qeyd edilən xidmətə maraq azaldığı üçün "manatlıq"lar tarixə qovuşacaqlar.

Seçilən
23
10
musavat.com

10Mənbələr