AZ

Əshabi-Kəhf nədən xəbər verir?

Əshabi- kəhf ifadəsi tərtib sırası baxımından Qurani – kərimin 18-ci surəsi olan Kəhf surəsi—   سُورَةُ الكَهفِ – ilə bağlıdır. Müfəssirlərin mülahizəsinə görə, surənin adı 9-cu ayədə qeyd olunan və “mağara” anlamına gələn “kəhf— كهف “ sözündən götürülmüşdür. “Kəhf” sözü Qurani – kərimdə 6 dəfə təkrarlanmışdır. Qeyd edək ki, “kəhf” sözünün hamısı Kəhf surəsində işlənmişdir: 9-cu, 10-cu. 11-ci, 16-cı, 17-ci və 25-ci ayələrdə. Kəhf surəsində müxtəlif əhvalatlardan bəhs olunmuşdur. Surənin 8-ci— 26-cı ayələrində bir neçə adamın kafirlərin təqibindən qaçıb bir mağaraya sığınmasından, uzun müddət o mağarada yatmalarından, daha sonra  yuxudan oyanıb ərzaq almaq üçün  getmələrindən və təkrar yatmalalarından bəhs olunur.

Qurani- kərimdə mağaraya sığınanların dəqiq sayı və adları bildirilməmişdir.  Onların 3 nəfər, 4 nəfər, yaxud da  7 nəfər olması barədə ancaq ehtimallar  var. 22-ci ayədə buyurulmuşdur ki, “onların sayını Rəbbim daha yaxşı bilir— رَبّ۪ٓي اَعْلَمُ بِعِدَّتِهِمْ .”  Əshabi- kəhf haqqında bu yazının davamında ətraflı bilgi verəcəyik. Kəhf surəsinin  60-cı— 82-ci ayələrində Musa Peyğəmbərin adı açıqlanmayan əməli- salih bir şəxsdən (müfəssirlər həmin naməlum şəxsin Xızır olduğunu güman edirələr) lədün elmini, yəni, qeyb elmini öyrənmək məqsədilə onunla yoldaşlıq etməsindən, naməlum şəxsin Musa Peyğəmbərlə şərtləşməsindən ( onun hərəkətlərinin səbəbini Musa Peyğəmbər heç vaxt soruşmayacaqdı), Musa Peyğəmbərin həmin şərtlə razılaşıb sonra  verdiyi sözü tuta bilməməsindən və nəticədə onların ayrılmasından söhbət edilmişdir. 83-cü— 98-ci ayələrdə adamların Peyğəmbərdən Zü’lqərneyn ( ذی‌القرنین ) barədə danışmaq istəməsi, Zü’lqərneynin Məğrib və Məşriqdə iki tayfa ilə qarşılaşması, iki sədd arasına  gedib çatması, adamların Yəcuc və Məcucdan ( يَأْجُوجَ وَمَأْجُوجَ ) şikayət etməsi, Zü’lqərneynin Yəcuc və Məcucun insanlara zərər verə bilməməsi üçün dəmir sədd çəkməsi haqqında məlumat verilmişdir.

 Kəhf surəsinin nazil olunması səbəbi haqqında  müxtəlif rəvayətlər  mövcuddur. Məsələn, “Əlmizan” ( المیزان ) əsərinin 13-cü cildinin 279-cu səhifəsində belə iddia olunmuşdur ki, Qureyş müşriklərindən 3 nəfər Nəcran yəhudilərinin yanına gedib onlardan 3 sual öyrənirlər ki, gəlib Məhəmməd Peyğəmbər əleyhissəlamı sınamaq üçün  soruşsunlar. Nəcran yəhudilərinin başbiləni də Məkkə müşriklərini öyrədir ki, gedin ondan Əshabi- Kəhf, Musa Peyğəmbərin lədün elmini öyrənmək arzusu və Zü’lqərneynin  səddi məsələsini soruşun. Cavab verə bilsə, gerçəkdən də, peyğəmbərdir, yox, cavab verə bilməsə, əsl yalançıdır. 

Məkkə müşrikləri  də öyrəndikləri sualları gəlib Peyğəmbərdən soruşurlar. Peyğəmbər də “Cəbrail vəhy gətirəndə ondan soruşub öyrənərəm” söyləmək yerinə müşriklərə deyir ki, sualınıza sabah cavab verəcəyəm. Bu məqamda Məhəmməd Peyğəmbər əleyhissəlam “inşallah, sabah  cavab verəcəyəm” söyləməli olduğunu da bir anlığa unutmuşdur. Ona görə də Həzrət  Cəbrail nə sabah, nə birisi gün, nə də sonrakı günlər gəldi. Məkkəli müşriklər sevinmişdilər ki, İslam Peyğəmbəri onların sualına cavab  tapa bilmir. Nəhayət, bir müddət sonra Həzrət Cəbrail Kəhf surəsinin 23-cü və 24-cü  ayələrini gətirmişdir. Həmin ayələrdə “Heç bir şey üçün mən bunu sabah edəcəyəm  demə— وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَدًا, ancaq ALLAHın istərsə  (bu işi) edəcəyəm söylə— إِلَّا أَن يَشَاء اللَّهُ” buyurulnuşdur. Bu ayədən məlum olur ki, insanların fəaliyyətləri ALLAHın iradəsi ilə nəzarətdə saxlanılır. Belə bir inanc vardır ki, kim sidq ürəklə Kəhf surəsini həftədə 1 dəfə oxusa qoruma mələkləri onu növbəti  həftə ərzində Şeytanın vəsvəsəsindən mühafizə edərlər.

 Qurani-kərimin Kəhf  surəsinin 8-ci— 26-cı ayələrində  zalım hökmdarın  təqiblərindən qaçaraq  dağda bir mağaraya sığınıb yatmış şəxslərdən bəhs olunur. Nə sayları, nə adları, nə məkanları, nə də nə qədər yatdıqları dəqiq  məlumdur. Onları dini qaynaqlarda “Əshabi- kəhf— اصحاب الكهف - Mağara yoldaşları” adlandırırlar. “Əshab (ا صحاب )” sözü  “sahib ( صاحب )” sözünün cəm şəklidir. Dünyanın müxtəlif  yerlərindəki məkanların Əshabi-kəhfə aid ola biləcəyi ehtimalları irəli sürülür.   Yayğın olan rəvayətlərə görə, Əshabi- kəhf qrupu 249—251-ci illərdə Roma  imperatoru olmuş Desi Trayanın ( Dəqyanusun - دقیانوس ) zülmündən gizlənmək üçün dağlara qaçmışdır.

 Kəhf surəsinin 13-cü ayəsindən məlum olur kə, həmin şəxslər gənc imişlər: “اِنَّهُمْ فِتْيَةٌ اٰمَنُوا بِرَبِّهِمْ – Onlar Rəblərinə iman edən gənclərdilər.” Uzun müddət bir mağarada gizlənib dərin yuxuya  getmişlər. Təəssüf ki, onların adları və sığındıqları mağaranın yeri dəqiq verilməmişdir. Kəhf surəsinin 25-ci ayəsində Əshabi- kəhflərin “mağarada 300  il və daha 9 il” yuxuda qaldıqlarına dair mülahizələr olduğu bildirilsə də 26-cı ayədə  buyurulur ki, “onların orada nə qədər qaldıqlarını ALLAH daha yaxşı bilr- اللّٰهُ اَعْلَمُ بِمَا لَبِثُواۚ.

 Əshabi- kəhflər bir dəfə yuxudan oyanıb ərzaq almaq üçün  şəhərə getmişlər, ərzaq almaq üçün  verdikləri pulun çoxdan tədavüldən çıxdığını öyrəndiklərində xeyli təəccüblənmişlər. “Əraisu”l məcalis-  عرائس المجالس - əsərinin 375-ci səhifəsində yazılan iddiaya görə, şəhərə ərzaq almağa Yəmlixa (یملیخا ) (bəzi qaynaqlarda Təmlixa-  تملیخا -)  adlı gənc getmişdi.  Ərzaq aldıqdan sonra təkrar  gizləndikləri mağaraya qayıtmış və Əshabi-kəhf  yenidən dərin yuxuya getmişdir. Yuxudan nə zaman ayılacaqlarını ancaq ALLAH bilir. Quran- kərimdən fərqli olaraq bəzi mənbələrdə Əshabi- kəhfin adları açıqlanaraq bu şəkildə göstərilir:

Məksəlmina (مکسلمینا  ), Yəmlixa  (یملیخا ), Mərtulus (مرطولس ), Səbyunəs (ثبیونس ), Dərdunəs (دردونس ), Kəfaşititus (کفاشیطیطوس ), Məntənvasis    (منطنوا سیس - çoban) və çobanın iti Qitmir (قطمیر ). Adlar yunan qaynaqlarından götürüldüyü üçün ərəbcə yazılışında təhriflərə yol verilmışdır.

İnanca görə, Əshabi- kəhfin sığındığı mağaranın ağzında yolda  onlara qoşulmuş çobanın Qitmir  (bəzi qaynaqlarda Rəqim ) adlı iti qabaq ayaqlarını uzadıb yatıb.  Kəhf surəsinin 18-ci  ayəsində bu  barədə  məlumat var:  وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيد . İslam ədəbiyyatında Əshabi-kəhf ifadəsi ilə bərabər Əshabi- rəqim deyimi də geniş yayılmışdır. Qurani-kərimdə  işlənmiş Əshabi-rəqim ( اَصْحَابَ  الرَّق۪يمِ )  ifadəsi Kəhf surəsinin 9-cu ayəsindədir. Ərəb dilçiləri “rəqim” sözünü “məktub” mənasında  “r-q-m- رقم -” kökündən törəmiş kəlmə hesab edirlər və ona “yazı”, “qabarıq yazı” və “mürəkkəb qabı” mənalarını verirlər. Bəziləri “rəqim” sözünü yazının nöqtələnməsi və ya həkk olunması  mənasında izah ediblər. Lakin bəzi alimlərin  qeyd etdiyi kimi, “rəqim” və ondan törəyən sözlərin müxtəlif istifadələri göstərir ki, bu kök əslində “hər hansı bir şeyi işarələmək” mənasını ifadə edir və mətndə işlənməsinə  uyğun olaraq fərqli anlamlar  bildirir. Məsələn, “rəqim əl-kitab” kitabı yazmaq, “rəqim əş-şey” nəyi isə  işarələmək, fərqləndirmək,  “rəqim əl-kəlimat” isə sözləri nöqtələmək deməkdir.

Bəzi tədqiqatçılar “rəqim” sözünü alınma söz hesab edirlər; məsələn, onu  latın sözü (lövhə mənasında) və ya  yer adı olan süryani sözü hesab edirlər. “Rəqim” sözünə Qurani- kərimdə yalnız bir dəfə  rast gəlinir: “اَمْ حَسِبْتَ اَنَّ اَصْحَابَ الْكَهْفِ وَالرَّق۪يمِ كَانُوا مِنْ اٰيَاتِنَا عَجَباً  - Yoxsa sən mağara və rəqim əhlinin bizim möcüzələrimizdən ən təəccüblüsü olduğunu düşündün?” (Kəhf surəsi, 9). Rəqim əhlinin kimliyi və onların bu adla adlandırılmasının səbəbi alimlər arasında əsas mübahisə mövzusudur. İslamiyyətin ilk dövrlərinə aid   təfsir mənbələri göstərir ki, müfəssirlər “rəqim əhli” və "mağara əhli"ni eyni anlamlı söz hesab edirdilər və əslində bu iki ad bir qrup üçün istifadə olunurdu. Mənbələrə görə, bir qrup mömün yaşadıqları  şəhərdən qaçdıqdan sonra bir mağaraya sığındığı üçün  həmin qrupa daxil olanlar “mağara əhli- əshabi- rəqim” adlandırılmışdır. Onlar uzun yuxudan oyandıqdan və bu uzun müddətin keçdiyini anladıqdan sonra ALLAHdan onların canını həmin mağarada almasını istəmişlər, ALLAH da onların canını almış, mağara bağlanmışdı və sonralar onların adları metal lövhəyə yazılmış və mağaranın üzərinə asılmışdı, buna görə də onlara “rəqim əhli” deyilmişdir.

Bu təfsirçilərin yeganə mübahisə mövzusu “rəqim” sözünün mənası və Əshabi-kəhfin ona görə adlandırılması olub. Onların əksəriyyəti lüğəvi kökə və bəzi hədislərə istinad edərək, həmçinin, bəzi Kitab əhlinin mənbələrinə əsaslanaraq, "rəqim" sözünü  Əshabi-kəhfin adlarının və qissəsinin yazıldığı kitabə və lövhə mənasında qəbul ediblər. Lövhənin daş və ya misdən olması, müəllifləri və onun yerləşdiyi yer bu qrup arasında mübahisəlidir. Rəqim sözünün mənasını  fərqli şəkillərdə yozurlar. Qeyd olunan sözün Əshabi-kəhfin kəndinin, dini kitabın, o zaman tədavül vasitəsi olan dirhəmin və itin adı, həmçinin mağaranın yerləşdiyi vadi və dağ adını ifadə etməsi barədə  fikirlər irəli sürülüb. Bu fikirlər bəzən sonrakı təfsirçilər tərəfindən qəbul edilib və ya tənqid olunub, bəzən isə heç bir şərh verilmədən təkrarlanmışdır.

İbn Abbasdan nəql olunub ki,  Qurani-kərimdə mənasını bilmədiyi üç sözdən biri “rəqim”dir. Xatırladaq kı, İslam Peyğəmbərinin İbn Abbas adı ilə tanınan  əmisi oğlu Abdullah bin Abbas (عبدالله بن عباس 619-687 ) təfsir və fiqh sahəsində böyük nüfuz sahibi idi. Rəqim sözünün mənasının “yazılı, yazılmış”, yoxsa  hansısa  bir yerin adı olduğu məlum deyil. Bu baxışa görə, “əl-rəqim” sözü “əl-kəhf” ifadəsini açıqlamaq və Əshabi-kəhfi digər oxşar qruplardan fərqləndirmək üçün istifadə edilmişdir.  Sonrakı dövrlərdə, bir neçə mağarada ölülərin cəsədlərinin tapılması, onların Əshabi-kəhf əhvalatı ilə oxşarlıqları və fərqlilikləri, Əshabi-rəqimin kimliyi üzərində mübahisələrə səbəb olmuşdur. Bəziləri birinci nəzəriyyəyə qarşı olaraq, Əshabi-rəqimi fərqli bir qrup saymışlar. Numan ibn Bəşir isə İslam Peyğəmbərinin söylədiyi “Mağara hədisi”ni onların əhvalatı hesab etmişdir.

Bu söyləntiyə görə, bir gün üç nəfər şəxs   səhrada güclü yağışdan sonra bir mağaraya sığınmışdır. Mağaranın ağzı dağdan böyük bir daşın düşməsi nəticəsində bağlanmış və onlar oradan çıxa bilməmişlər. Çox  yalvarışlardan sonra, hər biri öz yaxşı işlərindən birini danışmağa qərar vermişdir ki, ALLAHın mərhəməti ilə xilas olsunlar.  Etdikləri yaxşılıqları xatırlayıb həmin işin  xatirinə ALLAHdan onlara nicat verməsi üçün yalvarmışlar. ALLAHın onlara rəhmi gəlmiş  və mağaranın ağzı açılmışdır. Bu rəvayət fərqli baxış sahibləri tərəfindən rədd edilib.

 Bəziləri, Əshabi-kəhf əhvalatının  əvvəlki ayələrlə əlaqəsini izah edərək, mağara hədisinin həmin ayələrin konteksti ilə uyğun olmadığını və bəlağətdən uzaq olduğunu bildiriblər. Daha vacib məqam isə, mağara hədisinin müxtəlif mənbələrdə fərqli şəkildə nəql edilməsi və mətnində Əshabi-rəqimdən bəhs edilməməsidir. Görünür, bəzi rəvayətçilər, Əshabi-kəhf kimi mağaraya sığınan şəxsləri Əshabi-kəhflə eyniləşdiriblər. Əshabi-rəqimin kimliyi və əhvalatı, bu adın verilmə səbəbi islam hədislərində, əlaqəli mənbələrdə də əks olunub. Bəzi rəvayətlərdə, Əshabi-kəhf və rəqim adları mis / yaxud daş lövhədə yazılmış bir qrup kimi təqdim edilib.

 Həmin rəvayətlərdə onların adı, zamanı, yeri, hekayəsi və dövrün padşahı haqqında daha ətraflı məlumat verilib. Bir rəvayətdə bildirilir ki, tarixi bəlli olmayan dövrdə bir diyarda saleh və tövhid əqidəsinə bağlı bir əməli- salih yaşayırmış, lakin onun ölkəsinin əhalisi- böyüklü, kiçikli hamısı- axirəti inkar edir, əxlaqsızlıq edirmiş. Həmin əməli-salih şəxs bu vəziyyətdən çox kədərlənmiş,  bir gecə ALLAH dərgahına üz tutub “Ey Rəbbim, alçaqlara ucalmaq fürsəti vermə, böyüyüb Səni də danarlar”- deyə yalvarmışdır. Həmin gecə baş vermiş dəhşətli zəlzələ nəticəsində, əməli-salih adam istisna olmaqla,  bütün şəhər, həddini aşmış azğın əhalisi ilə birlikdə məhv olmuşdur. Həmin əməli-salih adam isə gəlib Əshabi-kəhflərə qoşulan mübarək şəxslərdən biri olmuşdur.

Qurani-kərim, Əshabi-kəhfin sirrinin aşkara çıxarılmasının məqsədini axirətin, qiyamətin əməli sübutu kimi göstərmişdir. Kəhf surəsinin 21-ci ayəsində  “اَنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَاَنَّ السَّاعَةَ لَا رَيْبَ ف۪يهَاۚ -ALLAHın vədi haqqdır və şübhəsiz, qiyamət saatı gələcəkdir” buyurulmuşdur. Mağaraya sığınmış gənclərin uzun müddətli yuxudan sonra təkrar oyanması hadisəsi  insanların təsəvvürlərində kiçik qiyamət təsiri yaratmış və  Əshabi- kəhf çox heyrətamiz qarşılanmışdır. Bu səbəbdən də onlar möcüzəvi varlıqlar kimi dəyərləndirilmişlər. Yəni, insanlar Əshabi – kəhfdə hər şeyə qadir ALLAHın qeyri- məhdud ilahi qüdrətinin sadəcə bir təcəllisini görmüş, Əshabi-kəhfin qəddar hökmdarın zülmündən sığndığı mağaranı isə ülviyyət dərgahına aparan ziyarətgah olaraq qəbul etmişlər. Əshabi- kəhfi ziyarət edənlərin  inancına görə, həmin yerdən edəcəkləri dualar məkanın və zamanın fövqündə olan əzəli və əbədi ALLAHa  daha tez yetişir.

Şərq ədəbiyyatında Əshabi- kəhf çox xatırlanır. Məsələn, XVII əsrdə yaşamış  məşhur  şairimiz Saib Təbrizinin bir beyti bu fikri təsdiqləyir:

تا زه در هر جام می کن غسل احرام بهار                آرزوها را کند بیدار چون اصحاب کهف

(Bahar hər  qədəhində ( yaz yağışında ) ehram qüslünü yeniləyir, Əshabi-kəhf kimi arzuları yuxudan oyandırır.)

Cəlaləddin Rumi də Əshabi- kəhf mövzuzsuna müraciət etmişdir:

سگ اصحاب کهف و نفس پاکان  / اگر بر در بود بر در نباشد

(Əgər Əshabi-kəhfin iti və pak insanlar qapıda dursa da qapıda deyildir.)

Bu  sözləri yazanda yadıma bir neçə il bundan əvvəl elmlər doktoru diplomlu bir hərşeyşünasın Naxçıvandakı məşhur Əshabi-kəhf ziyarətgahı haqqında saymazyana söylədiyi “asobı kef (особый кайф )”  ifadəsi düşdü. Xəstə Qasıma rəhmət oxudum:

Üz vermə nadana, sir vermə pisə-

Axır könlün ya inciyə, ya küsə

Ot bitər kök üstə, əsli nə isə,

Yovşan bəsləməklə çəmənzar olmaz.

Beynimdə bir əminlik hissi var ki, Türkiyədə, Suriyada, Fələstində, İordaniyada, Yunanistanda, Bosniyada, Əfqanıstanda olduğu güman edilən Əshabi- kəhf, əslində, həqiqətən də  bizim ölkəmizdə — Naxçıvandadır.  ALLAHa şirk qoşmadan, xurafata qapılmadan, inancı biznes mənbəyinə çevirmədən  o yeri görmək istəyənlərə daha yaxşı şərait yaradılmalıdır.


Şəkildə
: Birmingem Universitetinin kitabxanasında saxlanılan, VI - VII əsrə aid olduğu ehtimal olunan, erkən ərəb yazısı Hicazi xətlə qələmə alınmış  Kəhf surəsinin 23- 31-ci ayələri.


Müəllif: Professor Ramazan Siracoğlu

Seçilən
8
1
modern.az

2Mənbələr