Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Yaşıl İqlim Fondu (GCF) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə COP29-un aparıcı təşəbbüsü olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqu keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak edib.
Tədbirin əsas məqsədi iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrə qlobal gündəliyin irəlilədilməsidir. COP29 Sədri Muxtar Babayev bildirib ki, Bakı Mərkəzi iqlim fəaliyyəti ilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyub. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov qeyd edib ki, Bakı Mərkəzi artıq iqlim və münaqişələrdən əziyyət çəkən ölkələrdə innovativ pilot layihələrin icrasına başlayır.
Yaşıl İqlim Fondunun İcraçı direktoru Mafalda Duarte Bakı Mərkəzinə dəstəyini ifadə edib və bu təşəbbüsün iqlim maliyyəsini sülh və dayanıqlılıq nəticələri ilə birləşdirməkdə vacib beynəlxalq mexanizmə çevrildiyini vurğulayıb. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxışında bildirib ki, Mərkəz ölkəmizin digər təşəbbüsü olan **“Bakıdan Belemə Yol Xəritəsi”**nin icrasında əhəmiyyətli rol oynayacaq.
Tədbirdə ilk pilot layihələr üzrə birgə işçi qruplarının yaradılmasına dair Bakı Mərkəzi ilə Qvineya-Bisau və Qambiya arasında əməkdaşlıq haqqında Anlaşma memorandumları imzalanıb.
Tədbirin sonunda Bakı Mərkəzinin Yüksəksəviyyəli Dialoqunun Belem Kommünikesi qəbul edilib.
DOĞRU.AZ