AZ

Dostluq edə bilməyən uşaqlar

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

İnsan sosial varlıqdır və onun ünsiyyətə ehtiyacı var. Əgər uşaqlarda ünsiyyət çətinliyi varsa, bu, adaptasiya probleminin olmasına səbəb olur ki, nəticədə onlarda dostluq münasibətlərinə də təsir edir. Belə olduqda həmin uşaqlar dost qazanmaqda çətinlik çəkir. Bu sosial problemlər getdikcə dərinləşə, özünəqapanma hallarına və ətraf mühitlə əlaqəni kəsməyə qədər gətirib çıxara bilər.

“Burada diqqət etməli olduğumuz hissələrdən biri ailədir. Uşaq hələ dostu olmamış, ilk münasibət qurduğu, ilk kontakt yaratdığı mühit ailə və ana-atadır. Daha sonra ikincili qohumları-xala, bibi, dayı, onların övladları və s. Beləliklə, getdikcə əlaqə qurduğu insanlar, başqa sözlə çevrə genişlənməyə başlayır. Daha sonra isə bağça həyatı və məktəb həyatı gəlir. Ona görə də bağça və ya məktəbdə ünsiyyət qura bilməyən, dostu olmayan uşaq gördükdə, ailə və qohumlar dediyimiz o ilk çevrəyə baxmaq lazımdır. Çünki bu mərhələdə düzgün ünsiyyət formalaşmadıqda uşağın inkişafının digər mərhələlərində sosial münasibətlərdə problem yarana bilir. Başqa sözlə desək, bu mərhələni keçə bilməyən uşaqlar, irəlidə dost qazana bilmirlər. Belə olduqda uşaqlarda özgüvən problemi, adaptasiya problemi yaranır və uşaqlar daha çox sosial mediyaya, virtual oyunlara yönlənirlər. Bu da bir müddət sonra oyun asılılığına, telefon asılılığına gətirib çıxara bilir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun fikrincə, ümumiləşdirsək qeyd edə bilərik ki, bu halları uşaqla az zaman keçirən, yetəri qədər diqqət göstərilməyən ailələrdə görmək olar. Həmçinin, əksinə hədsiz dərəcədə çox qayğı, sevgi verən ailələrdə də müşahidə etmək olar. “Belə ki, belə ailələrdə ana-ata o qədər diqqət və sevgi göstərir ki, sanki uşağın dost tələbatını da ödəyirlər. Uşaq dostu ilə edəcəyi şeyləri ana-atası ilə etməyə başlayır. Uşaq bir müddət sonra fikirləşir ki, “mən parkda anamla oynamaqdan daha çox zövq alıram”. Belə olduqda bir növ dosta ehtiyac duymur. Ancaq bu, düzgün yanaşma deyil. Uşaq artıq 3 yaşında yaşıdları ilə oynamağa meyil göstərməlidir. Növbəti yaş dövrlərində, ələlxüsus yeniyetməlik yaş dövründə isə ailəsi ilə deyil, daha çox öz yaşıdları ilə dostluq etməsi, zaman keçirməsi ona daha maraqlı olur. Uşağın bu dövrdə düzgün dost çevrəsi qazanması, dostları ilə səmərəli vaxt keçirməsi üçün valideyn şərait yaratmalı, onu sıxmamalı, əksinə dəstək verməli və münbit torpaq rolunu oynamalıdır”, - deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
sia.az

2Mənbələr