İslandiya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.
Milli.Az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Arnar Qunnlauqsson matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyundan bu yana Azərbaycan millisində hansı fərqləri görürsüz?
- Azərbaycan millisi eyni sistemdə oynayır. Amma indi daha istəkli, daha strukturlu və təşkilatlanmış komandadır. Müdafiədə, keçidlərdə, topa sahib olmada xeyli irəliləyiblər. Deyirlər ki, İslandiyadakı görüşdə Azərbaycan millisi pis çıxış etdi. Amma mən deyərdim ki, bizim komanda o matçda yaxşı oynadı. Sabah yeni oyunçularımız olacaq. Onlar da özlərini göstərməyə çalışacaq. Bu komanda ilə növbəti Avropa çempionatı heyətinin əsasını formalaşdırmaq istəyirik.
- Azərbaycan millisinin heyətində kimi xüsusi fərqləndirərdiniz?
- Hər millidə yaxşı futbolçular var. Xüsusi vurğulamayacam ki, kimdən daha çox ehtiyatlanıram. Rəqibin heyətində dinamik oyunçular var. Ukraynanın qapısına vurduğunuz qolu qeyd edərdim. Yeni baş məşqçinin də müəyyən təsiri hiss olunur.
- Azərbaycan yığmasına 5:0 qalib gəldiniz və Fernandu Santuşu istefaya göndərdiniz. Yeganə məşqçi Fernandu Santuşdur, yoxsa ondan qabaq da belə hal olub?
- Xeyr, ilk deyil. Keçmiş klubumda 4-5 belə təcrübəm olub. Kimsə uduzanda kimsə məsuliyyət daşımalıdır. Belə olan halda da baş məşqçi qovulur.
- Azərbaycan - İslandiya matçının favoriti hansı komandadır?
- Əgər futbol piramidasına baxsaq, biz bir az yuxarıdayıq. Favorit biz sayılırıq. Futbol yeganə oyundur ki, favorit olmayan komanda da qalib gələ bilər. Biz Fransaya qarşı oynayanda onlar favorit idi. Amma şansımız var idi ki, müsbət nəticə qazanaq. Futbol elədir ki, rəqibə hörmətlə yanaşmalısan. Sabah ən yaxşı oyunumuzu göstərməliyik.
Milli.Az