AZ

Anqissa millidə zədə aldı, “Napoli”nin düşərgəsinə döndü

“Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa ölkəsinin milli komandasının heyətində zədə alaraq İtaliyaya qayıtmalı olub.

Arena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi Kamerun milli komandasının düşərgəsində elə ilk məşqlərdən birində sıradan çıxıb. O, məşq zamanı ayaq əzələsindən zədə alıb. Futbolçunun sabah DÇ-2026-nın pley-off mərhələsinin Konqo ilə matçında iştirak etməyəcəyi dəqiqdir. Futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinələrdən sonra məlum olacaq.

Andre-Frank Zambo Anqissa 2021-ci ildən “Napoli”nin uğurları üçün çalışır. O, Neapol klubunun heyətində 167 oyunda, 15 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub.

Anqissa bu mövsüm meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamerunlu yarımmüdafiəçi karyerası ərzində “Olimpik” (Marsel), “Fulhem”, “Vilyarreal”, “Reyms” kimi klublarda da çıxış edib. O, 2017-ci ilin martında debüt etdiyi Kamerun yığmasında 66 oyuna 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 26-da İtaliyada keçiriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
19
5
arena.az

10Mənbələr