Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bəzən bir obyektin ünvanını tapa bilmək üçün onu internetdə axtarmağa başlayırıq. Axtarışlarımız nəticəsində həmin obyektin bir neçə ünvanda yerləşməsi ilə bağlı yanlış məlumatlar əldə edirik. Yəni çox zaman obyektlərin ünvanları düzgün naviqasiyada qeyd edilmir.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, naviqasiya insanlara və sistemlərə məkanda hərəkət etməyə, təyinat yerlərinə çatmağa, maneələrdən qaçmağa və vaxtı optimallaşdırmağa kömək edir. Bu, həm fiziki məkanlara (küçələr, binalar), həm də rəqəmsal mühitlərə (veb saytlar) aiddir. Yaxşı naviqasiya təhlükəsizliyi, səmərəliliyi və istifadə rahatlığını artırır, istifadəçilərə daha inamlı hiss etməyə və vaxta qənaət etməyə imkan verir.
Rauf Ağamirzəyev
Ekspert qeyd edib ki, ünvanlara çata bilmək üçün xəritə, poçt, təhsil, təcili yardım və digər sistemlərin eyni ünvan bazasından işləməsi böyük əhəmiyyətə malikdir.
Rauf Ağamirzəyev vurğulayıb ki, çox zaman eyni bina və təşkilatlar fərqli sistemlərdə fərqli adlarla qeyd olunduğu üçün insanlarda çaşqınlıq yarada bilir.
“Ölkəmizdə 2018-ci ildən küçələrin adları, binalar, poçt indeksləri, ünvanlar və s. toplandığı ünvan portalı fəaliyyət göstərir. Bu portal ümumi bir baza olsa da, bəzi qurumlar təəssüf ki, bundan istifadə etmir, köhnə məlumat bazalarına üstünlük verirlər və bunun da nəticəsində eyni obyektin müxtəlif üvanlarda olduğu görünür”–deyən Rauf Ağamirzəyev qeyd edib ki, bəzi məlumat bazaları ünvan portalı yaradılana qədər yaradılıb və bazalarda olan məlumatlar avtomatik yenilənmir. Ekspertin fikrincə, qurumlar arasında koordinasiyanın zəif olması və inteqrasiya prosesinin tam təmin olunmaması buna əsas səbəbdir.
Rauf Ağamirzəyev hesab edir ki, problemdən yeganə çıxış yolu bütün dövlət saytlarının ünvan portalı ilə avtomatik sinxronizasiyasının tətbiqidir.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.