AZ

Dünya bu görüntüdən danışır, COP30-da insident - VİDEO

Yerli icmalar konfrans məkanına girməyə cəhd edib

Braziliyanın Belém şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) gərginlik yaşanıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, noyabrın 11-də yerli əhali və yerli icmaları təmsil edən qruplar konfransın keçirildiyi məkana daxil olmağa cəhd edib və bu, təhlükəsizlik qüvvələri ilə toqquşmaya səbəb olub.

Məlumata görə, etirazçılar “Torpaqlarımız satılmır”, “Meşələr bizimdir” kimi şüarlar səsləndirərək tədbir zalının girişində baryerləri aşmağa çalışıblar. Hadisə zamanı iki mühafizəçi yüngül xəsarət alıb, bir neçə etirazçı isə saxlanılıb.

Etirazçılar bildiriblər ki, iqlim qərarları qəbul edilərkən Amazon bölgəsində yaşayan yerli xalqların fikirləri nəzərə alınmır və bu, “iqlim ədalətsizliyi” yaradır. Onlar, həmçinin Braziliya hökumətini iri enerji və kənd təsərrüfatı şirkətləri ilə yaxın münasibətdə olmaqda ittiham ediblər. 

Musavat.com-un əldə etdiyi məlumata görə, konfransa ev sahibliyi edən Belém şəhərində tədbirə hazırlıq zamanı bir sıra logistika və infrastruktur problemləri də müşahidə olunub. Şəhərdə otel çatışmazlığı, nəqliyyat sisteminin yüklənməsi və bəzi obyektlərin tikintisinin hələ tamamlanmaması yerli mediada tənqid mövzusu olub.

Mütəxəssislər isə hesab edirlər ki, COP30 kimi beynəlxalq tədbirlərin təşkilində yalnız ekoloji deyil, həm də sosial və mədəni aspektlərə diqqət yetirilməlidir. Belə ki, Amazon bölgəsində yaşayan icmalar özlərini qərarvermə prosesindən kənarda hiss etdikləri üçün etiraz aksiyalarına əl atıblar.

Xatırladaq ki, ötən il COP29 konfransına Azərbaycan ev sahibliyi edib. Bakıdakı tədbir zamanı təhlükəsizlik və təşkilatçılıq yüksək səviyyədə qiymətləndirilib, ciddi insident qeydə alınmayıb. Dinc aksiyalar keçirilib, dünyanın müxtəlif ölkələrindən gələn fəallar heç bir maneə görməyiblər.

Ekspertlərin fikrincə, COP29-un təcrübəsi göstərdi ki, iqlim sammitlərinin uğuru, təkcə müzakirə olunan mövzulardan deyil, həm də ev sahibi ölkənin təşkilatçılıq qabiliyyətindən və sosial balansı qoruma bacarığından asılıdır.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr