AZ

Ayxan Abbasov İslandiya ilə matç öncəsi itkilərdən gileyləndi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov İslandiya yığması ilə oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda üz-üzə gələcəklər.

Ayxan Abbasov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayırıq. İslandiya üçün də çox önəmli oyundur. Şanslarını itirməmək istəyəcəklər. Futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. İnanıram ki, bizi tək qoymayacaqlar və bizə motivasiya verəcəklər. Rəqib Fransa ilə son matçda xal qazandı. Ukraynaya uduzsalar da, məğlubiyyətə layiq deyildilər. Çox yaxşı oynamışdılar. İlk oyunda ağır məğlubiyyət almışıq. Futbolçulardan o matçı unutmaqlarını istədim. Həmin görüş çox ağır keçmişdi. İtkilərimiz var. İstəməzdik ki, olsun. Amma milliyə kimlər çağırılıbsa, onlar üçün şansdır. Elvin Cəfərquliyev xəstələndi, Emin Mahmudovun oynayıb-oynamaması sual altındadır. Kimə şans veriləcəksə, onlar üçün fürsət olacaq. Sabah azarkeşlərimizi sevindirmək istəyirik. Gələcəyimiz üçün buna ehtiyacımız var. Bu oyunlar bizim üçün vacibdir.

İslandiyanın oturuşmuş heyəti var. Avropanın bir çox klublarında oynayan futbolçulara sahibdirlər. Onların özlərinə məxsus oyunları var. Yeni məşqçi gələndən daha kreativ oynayırlar. Əvvəlki oyunları ilə çox fərq var. İlk matç haqda çox da danışmaq istəmirəm. Buraxılan qollardan sonra dağınıqlıq olmuşdu. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı. Amma Reykyavikdəkı qarşılaşmanı unutmalıyıq. Son matçlardakı əzmkar mübarizəni göstərib, xal qazanmaq istəyirik.

Hər oyuna çıxanda futbolçularımdan qələbə qazanmağı istəyirəm. Onlar da bunu istəyir. Futbolçularımızın təzyiq altında olmasına səbəb yoxdur. Rəqib daha çox təzyiqdədir. Onların şansı var. Biz daha rahat öz fubtolumuzu oynamalıyıq. Yeni oyunçularımızın ilk matçı ola bilər. Onlara dəstək olmalıyıq. Ev oyunu olduğu üçün azarkeş dəstəyinin olacağına inanıram”.

“Meydançada istəkli olmağa heç nə mane olmur”

Ayxan Abbasov onun gəlişindən sonra qollar vurmağa başlamış millimizin bu seriyanı davam etdirəyəcəyinə inanır:

“Hər oyunda qol vurmaq istəyirik. Millimizin hücum potensialı var. Təəssüf ki, bəzi futbolçular bu matçda iştirak etməyəcəklər. Qələbə qazanmaq istəyirsənsə, mütləq qol vurmalısan. İslandiya yığması ikinci mərtəbədə təhlükəlidir. Bu, rəqibin üstün cəhətlərindəndir. İlk oyunda da birinci qolu standart vəziyyətdən vurublar. Bunun üzərində çalışırıq. Fransa ilə görüşdə də standart vəziyyətdən qol bruaxdıq. Standart vəziyyətlərə önəm verəcəyik.

Futbolçulara inam verməliyik. Bu, məşqçilərdən futbolçulara keçir. Danışırıq. Harada olduğumuzu dərk etməliyik. Ölkənin birinci komandasında çıxış edirlər. Hansı rəqiblərlə qarşılaşdığımızı bilirik. Futbol inkişaf edir. Meydançada istəkli olmağa heç nə mane olmur. Hansısa keyfiyyətdə uduza bilərik. Amma istəkli olmağa heç nə mane olmur. Futbolçular son matçlarda bunu göstərdilər. Bunu davam etdirməliyik. Oyun planında da inkişaf etməliyik. Oyundan-oyuna fərqli olmalıdır. Bu yöndə işlər davam edir”.

Ayxan Abbasov milliyə niyə 4 qapıçı dəvət etməsinə də aydınlıq gətirib:

“Şahruddin Məhəmmədəliyev cəzalıdır və siyahıda 3 qapıçı mütləq olmalıdır. Ona görə 1 qapıçı da əlavə çağırdıq. Səlahət Ağayev təcrübəlidir. Rza Cəfərovun klubunda oynamadığını bilirik. Ona dəstək olmalıyıq. O da qışdan sonra qərar verib, oynamalıdır. Rzanın yaşını nəzərə alırıq, gəncdir. Kamran İbrahimovun milliyə dəvət məsələsinə gəlincə, adlarla danışmaq istəmirəm. Çünki sözüm kiminsə xətrinə dəyə bilər. Hər kəs milliyə dəvət ala bilər. Kimin futbola necə baxdığı da önəmlidir. Nəyə görə inamlı çıxış deyirsinizsə, müzakirə mövzusudur. Kamran perspektivli qapıçı olub. Bu gün məsələyə tək qurtarışla baxmırıq. Millidə böyük oyunlar olur. Şahruddin və digər qapıçılarımız az oynasa da, onların təcrübəsi yetərlidir. Gələcəkdə hər futbolçuya şans yarana bilər”.

Ayxan Abbasov milliləşdirməyə qarşıdır

Ayxan Abbasov sabah Rüfət Abbasovun oynamaq ehtimalının yüksək olduğunu da vurğulayıb:

“Elvin Cəfərquliyevin yoxluğu böyük itkidir. O, çox yaxşı formada idi. Millidə önəmli oyunçulardandır. Çempionlar Liqasında bütün matçlarda oynayır. Sabah Rüfəti meydanda görə bilərik. Hücumçular məsələsinə gəldikdə, gəlin oynayıb-oynamamağı haqda danışmayaq. Bu, yaralı yerimizdir. Qısa vaxtda böyük dəyişiklik etməyə geniş seçimimiz yoxdur. Burada olanlar ən yaxşılarımızdır. Maksimum 10-12 futbolçunu da namizəd görə bilərik. Futbolçularla çox danışırıq. İnanıram ki, gələn mövsüm bu oyunçular meydanda çox olacaqlar. Musa Qurbanlı, Mahir Emreli əvvəlki oyunlarda bizə kömək ediblər. Hücum potensialını fikirləşsək, Musa və Mahirin yoxluğu bizim üçün böyük itkidir. Çünki hücumda variantlarımız azalıb”.

Ayxan Abbasov “Turan Tovuz”dan milliyə heç kimin dəvət almamasına da aydınlıq gətirib:

“Faiq Hacıyevi çağırırıq. İstəyirdim yenə çağıram. Rüfət Abbasova üstünlük verdik. Faiqin mövqeyində Qismət Alıyev, Abbas Hüseynov, Rəhman Daşdəmirov var. Rəqabət böyükdür. “Turan Tovuz”da potensiallı futbolçular var. Onlar gələcək karyeralarını fikirləşməlidirlər”.

Ayxan Abbasov milliləşdirmə siyasətindən və aşağı yaş qrupları üzrə yığmalarımızdakı problemlərdən də söhbət açıb:

“Bu dəqiqə milliləşdirməyə lüzum görmürəm. Şəxsi fikrimdir. İlk olaraq qarşımızdakı məqsədi bilməliyik. 2-3 futbolçu bizi Avropa çempionatına çıxaracaq? Öz futbolçularımıza üstünlük verməliyik. 3-4 gün öncə AFFA-da idim. Baş katiblə bu oyunlar haqda danışırdıq, mövzu elə yerə getdi ki, uşaq futbolu, problemlər… Bir də gördük ki, 4 saatdır danışırıq. Çox çətindir. Bizdən üstün rəqiblərə qarşı çətinlik çəkirik. Tək əsas milli yox, digər yığmalar da. Demək ki, biz onlardan zəifik. Biz inkişaf ediriksə, onlar 5 addım atır. Biz bir meydança tikib seviniriksə, onlar 10-nu tikir. Bu rəqabətdə uduzacağıq. Amma təslim olmalıyıq? Yox. Bir az da aktiv olmalıyıq, problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar önəmlidir. O futbolçular klubdan gəliblər. Klublardakı iş önəmlidir. Klublarda uşaq futboluna necə yanaşacağıq? Uşaq futbolu ayrılmalıdır. Bəlkə də normaldır. Bəzi böyük klublar var ki, akademiyaları çox zəifdir. Daha çox kənardan oyunçu gətirirlər. Bizdə də akademiyalar tikilməli, uşaq komandaları artmalıdır”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
14
32
arena.az

10Mənbələr