AZ

Ermənistanda siyasi mübarizə: Sənədlər yayımlandıqdan sonra qarşılıqlı ittihamlar daha da artacaq

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın siyasi mənzərəsi uzun müddətdir ki, Qarabağ mövzusunun ətrafında kəskin ziddiyyətlər və mübarizə ilə xarakterizə olunur. Həm Qarabağ klanı, həm də indiki hökumət bu məsələni daxili siyasətdə öz lehinə yönəltməyə çalışır. Son dövrlərdə Qarabağla bağlı sənədlərin açıqlanacağının söylənməsi və qarşılıqlı ittihamların sürətlənməsi ölkədə siyasi mübarizənin intensivliyini artırıb. Bu kontekstdə, həm keçmiş hakimiyyət nümayəndələri, həm də hazırkı hökumət arasında yaranan gərginlik və rəqabət, Ermənistanın daxili siyasətində Qarabağ məsələsinin strateji rolunu bir daha ortaya qoyur.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında bildirib ki, əsas məsələ Ermənistan daxilindəki siyasi mübarizədir:

"Ermənistanda Qarabağ mövzusundan geniş istifadə olunur və faktiki olaraq həm Qarabağ klanı, həm də Paşinyan hökuməti bu məsələni ciddi şəkildə qabardır. Məsələn, Qarabağ klanı Paşinyanı Qarabağ məsələsində uğursuzluqda ittiham edir. Eyni zamanda, Nikol Paşinyan bildirir ki, Qarabağın Ermənistanın əlindən çıxmasının əsas səbəbi məhz Qarabağ klanının fəaliyyəti olub (Köçəryan-Sarkisyan dövrü). Son zamanlar isə Sarkisyanın xüsusi fəallaşdığı müşahidə olunur. Bununla yanaşı, Köçəryan rüşvət məsələləri və digər faktorlarla da gündəmə gəlir". 

Politoloq qeyd edib ki, Sarkisyanın Qarabağ danışıqları ilə bağlı sənədləri açıqlayacağını bildirməsi, Paşinyan hökuməti üçün potensial bir təhdid kimi qiymətləndirilə bilər: 

"Paşinyan isə çalışacaq ki, bu məsələdən istifadə edərək, sənədlərin yayılmasını öz xeyrinə yönəltsin. Bu sənədlərin yayılması Ermənistan dövlətinin daxili siyasətində məsələyə aydınlıq gətirə bilər. Lakin hazırda hər iki tərəf yalnız öz mövqeyini əks etdirən sənədləri yayır və tam obyektiv məlumat əldə etmək çətindir. Ermənistan ictimaiyyətində, xüsusən də ziyalılar arasında bəziləri hesab edirlər ki, nə Sarkisyanın, nə də Paşinyanın yaydığı sənədlərdə tam düzgünlük gözləməyə dəyər. Çünki bu sənədlərin müəyyən dərəcədə dəyişdirilməsi ehtimalı var. Ehtimal ki, sənədlər yayımlandıqdan sonra qarşılıqlı ittihamlar daha da artacaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
sherg.az

1Mənbələr