AZ

Daşkənddə Qarabağ şəhidi haqqında özbək dilində çap edilən “Şuşada bitən yuxu” kitabının təqdimatı olub

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Könül Fazilqızının Qarabağ şəhidi Teymur Məcidzadə haqqında Bakıda çap olunan “Şuşada bitən yuxu” kitabının özbək dilində təqdimatı keçirilib.

AMM-nin təşəbbüsü ilə Daşkənddəki “ Yoshlar matbuoti” nəşriyyatında işıq üzü görən kitabın təqdimat mərasimdə şəhidin anası Yasəmən Camalova, bacısı Vahidə Nəcəfova,  Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, paytaxtdakı universitetlərin peofessor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak edib.

Əvvəl Vətənin azadlığı və müstəqilliyi uğrunda şəhid olan igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin professoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov açaraq kitab haqqında məlumat verib, belə əsərlərin daha çox çap edilməsi vacibliyinə toxunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli iştirakçıları salamlayaraq bildirib ki, “Şuşada bitən yuxu” kitabı Azərbaaycan xalqının uzun illər boyu yaşadığı həsrətin, ağrının və Şuşanın azadlığı ilə gələn qürurun poetik salnaməsidir. Müəllif əsərdə müharibənin insan taleyinə vurduğu izləri,ananın həsrətini ustalıqla qələmə alıb. Əsərin mərkəzində Teymur Məcidzadənin Azərbaycan torpaqlarını azad etmək arzusu ilə yaşayan, Vətən uğrunda canını fəda edən, lakin ruhu ilə azad Şuşaya qovuşan igid bir oğul obrazı canlanır. Teymurun taleyi bütünlüklə bir xalqın qəhrəmanlığıdır.

Sonra professor Nigina Şermuxammedova, şair və tərcüməçi Şəhla Qasımova, dosent Rəna Kadırova və başqaları 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan dövlətinin və xalqının Azərbaycanın yanında olduğunu diqqətə çatdırıblar. Onlar deyib ki, Azərbaycan torpaqları işğaldan azd olunduqca özbək xalqı da Azərbaycan xalqı qədər sevinib.

Kitabı tərcümə edən Hulkaroy Racapova Azərbaycan xalqına sevgisindən danışıb, kitab üzərindəki işindən söhbət açıb, Qarabağ şəhidi Teymur Məcidzadənin anası və bacısının bu tədbirdə iştirak etməsindən məmnunluq ifadə edib.

Şəhidin bacısı Vahidə Nəcəfova bildirib ki, mən heç vaxt düşünməzdim ki, qardaşım belə qəhrəman olacaq, şəhidlik zirvəsinə qalxacaq. Mən qəhrəman qardaşımla fəxr edirəm.

Teymur Məcidzadənin anası Yasəmən Camalova bildirib ki, torpaqlarımızı sülh yolu ilə ala bilmədik, onda bir yol qalır, döyüşməklə ərazilərimizi geri qaytarmaq. 28 yaşlı Teymur Vətəni anadan, atadan da artıq sevirdi, məhz bu sevgi də onu döyüşə apardı və şərəfli bir ömür yaşadı. Şəhər və kəndlərimiz, Şuşan və Xankəndi azad olundu, xalqımız tarix yazdı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Sonra mərkəzin ”Xarı bülbül” teatr qrupunun təqdimatında akt zalında “Şuşada bitən yuxu” kitabının əsasında hazırlanan tamaşa nümayiş etdirilib, dünya şöhrətli müğənni Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının sədaları altında ölkəmizin bayrağı səhnədə dalğalanıb. AMM-nin nəzdindəki “Qarabağ zəfəri” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Seçilən
37
1
xalqqazeti.az

2Mənbələr