AZ

Qaxın yeni icra başçısı kimdir? – DOSYE

Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Musavat.com xəbər verir ki, Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olub. Orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə alıb, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Ordu sıralarında qulluq edərək həqiqi hərbi xidmət keçib.

2005-2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili alıb, 2007-2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirib. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində “Dövlət sektorunda innovasiya”, “Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər” proqramı üzrə təhsil alıb. Çin Xalq Respublikası, Polşa Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası, Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olub. 2021-ci ildə ABŞ-ın Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə edib. 2012-2016-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun doktorantı olub.

Elvin Paşayev 2003-cü ildə Bakı 1 saylı şəhər Klinik Xəstəxanasında Kadrlar şöbəsində müfəttiş vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb. 2006-2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, sonra Nazirliyin Aparatında Kadrlar şöbəsində baş məsləhətçi və sektor müdiri kimi fəaliyyət göstərib. 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının İnsan resursları və təlim şöbəsinin müdir müavini, daha sonra şöbə müdiri vəzifəsində çalışıb.

2018-2022-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və həmin nazirlikdə - Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı Elvin Paşayev 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında saat hesabı müəllim kimi də fəaliyyət göstərib.

Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli 2116 saylı Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Dövlət qulluğunun Baş müşaviridir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 iyul 2022-ci il 3388 saylı Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Ailəlidir, 3 övladı var.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
82
2
musavat.com

4Mənbələr