Mədəniyyət sahəsinə nə qədər pul ayırsan da, çatmayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
Komitə sədri bildirib ki, abidələrin bərpası, restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğul olur:
“Bu abidələrin hamısını birdən bərpa etmək olmaz, amma plan üzrə bunları etmək olar. Gələn il bizim kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.
Milli Məclisin sədr müavini Rəfael Hüseynov da Polad Bülbüloğlunun fikrini dəstəkləyib:
"XX əsrin ortalarında Azərbaycan kinosu böyük uğurlar qazanıb. Bu ənənə davam etdirilməlidir. Kinonun gələcəkdə inkişafı üçün vaxtilə Mədəniyyət komitəsində də məsələlər qaldırmışıq. Kinonun inkişafı üçün kino xadimlərinə müəyyən imtiyazlar verilməlidir. Kino avadanlıqlarının gətirilməsinə yüngülləşmiş vergi tətbiqi, azadetmələr də olmalıdır".
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 aprel 2022 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.
"Cebheinfo.az"