AZ

“”Bakıda çay içəcəyik” deyənlər indi Azərbaycan çayını istintaq təcridxanasında içir”- AÇIQLAMA

Cənubi Qafqazda müharibədən sonrakı dövr artıq təkcə diplomatik mübarizə deyil, həm də informasiya və siyasi ritorika mərhələsinə keçib. Regionda formalaşan yeni təhlükəsizlik arxitekturası fonunda Ermənistan cəmiyyətində yenidən baş qaldıran revanşist fikirlər, 44 günlük Vətən müharibəsinin nəticələrini hələ də qəbul etmək istəməyən siyasi dairələrin fəallaşmasına səbəb olur.

Bu isə bölgədə sabitliyə, sülh danışıqlarının dinamikasına və qarşılıqlı etimad mühitinin formalaşmasına ciddi təsir göstərir. Azərbaycan tərəfi isə, həm rəsmi, həm də ictimai-siyasi müstəvidə bu cür meyillərə cavab olaraq, ədalətli mövqeyini və regionda sülhün yalnız beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq təmin oluna biləcəyini vurğulamaqda davam edir.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanın şanlı ordusu 44 günlük Vətən müharibəsində Paşinyanın deyil, məhz Koçaryan və Sarkisyan dövrlərində formalaşmış Ermənistan ordusunu məğlub edib.

Deputatın sözlərinə görə, həmin dövrdə erməni liderləri Azərbaycana qarşı təhdid dolu və təxribat xarakterli bəyanatlar səsləndirirdilər:

“Onlar bildirirdilər ki, “qanla alınan torpaqlar danışıqlarla qaytarılmır”, “Azərbaycan torpaqlarını geri istəyirsə, müharibə edib alsın”, “Azərbaycanlılar döyüşkən xalq deyil” və hətta “Bakıda çay içəcəyik” kimi ifadələrlə xalqımızı təhqir edirdilər. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü il 20 sentyabrda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ordusu bu iddiaları tarixin arxivinə gömdü. Rəşadətli ordumuz Koçaryan və Sarkisyanın ordusunu darmadağın etdi. Onların tankları 2020-ci ilin dekabrında keçirilən Zəfər paradında Azadlıq meydanında nümayiş etdirildi və indi Hərbi Qənimətlər Parkında saxlanılır. Bakıda çay içmək istəyənlər bu gün istintaq təcridxanalarında Azərbaycan çayını içirlər”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin 8 noyabrda keçirilən Zəfər Paradında səsləndirdiyi fikirlər də Ermənistanda revanşist çağırışlara cavab mahiyyəti daşıyır:

“Paşinyan hakimiyyəti hərbi cinayətlər törətmiş Koçaryan və Sarkisyanı Azərbaycana təhvil verməlidir. Çünki əli günahsız insanların qanına batmış bu şəxslər həm region, həm də Ermənistan üçün təhlükə mənbəyidir. Əgər İrəvan ölkəsində sabitlik və sülh istəyirsə, bu cinayətkarlar ədalət qarşısında cavab verməlidir”.

// Gülnarə Abasova, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr