Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Qadın Liderləri Dialoqu konfransı işə başlayıb.
AZƏRTAC Özbəkistan Milli İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu mötəbər forum “Qadın hüquqlarının və gender bərabərliyinin təmin edilməsi üçün qlobal və regional yanaşmalar” mövzusuna həsr olunub.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan parlamentlərinin nümayəndələri, regional BMT strukturlarının rəhbərləri, eləcə də hökumət və ictimai xadimlər iştirak edirlər.
Konfransda qadınların siyasi və sosial fəallığı, iqtisadi və sahibkarlıq potensialı, təhsil və reproduktiv sağlamlıq sahəsindəki imkanları, innovasiya və iqlim siyasətindəki rolu və əhəmiyyəti kimi məsələlər müzakirə olunacaq.
Forum yekun sənədin qəbul edilməsi ilə başa çatacaq.