AZ

Əlvida, kağız pullar PULSUZ DÜNYAYA XOŞ GƏLİRSİNİZ

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bütün dünyada pul qıtlığı var. Kasıb da, varlı da pulun yoxluğundan şikayətçidir. Səbəbi bilənlər də var, bilməyənlər də, bilib qəbul edə bilməyənlər də...

Nəticə isə eynidir. 

PUL YOXDUR...

Dünya iqtisadiyyatı bu gün bəşər tarixində bəlkə də ən dərin inqilabını yaşayır. Əgər bir əsr öncə sənaye çevrilişi bəşəriyyəti dəyişmişdisə, indi eyni rolu rəqəmsal pul sistemi oynayır. 

Qarşıdakı iki il ərzində klassik mənada kağız pullara əlvida deməyimiz artıq günün reallığıdır.

Cibimizdə pul olmayacaq. Hər şey bank kartlarında, mobil tətbiqlərdə, rəqəmsal cüzdanlarda toplanacaq. Bu dəyişiklik texnoloji rahatlıq kimi təqdim olunsa da, əslində, maliyyə sistemi və insan azadlığının fəlsəfəsini dəyişir. 

İlk baxışda bu proses guya həyatımızı asanlaşdırır. Nağd pul daşımağa, qəpik axtarmağa, pul saymağa ehtiyac qalmır. 

Sadəcə bir toxunuşla alış-veriş, bir kliklə köçürmə mümkündür. 

Lakin hər rahatlığın arxasında nəzarət və asılılıq mexanizmi gizlənir. 

Nağd pulun olmaması dövlətlərə və beynəlxalq maliyyə institutlarına hər bir əməliyyatı izləmək imkanı yaradır. 

Hər alış, satış, köçürmə, hamısı qeydə alınır. Bu, korrupsiya və kölgə iqtisadiyyatına qarşı mübarizə kimi təqdim olunur. Amma fərdi azadlığın sonunun başlanğıcı kimi də qiymətləndirilə bilər. 

Bu sistemdə bank dayanarsa, kartındakı pul da bir heç olur.

Elektrik kəsilərsə, internet pozularsa, “pul” sadəcə bir rəqəm kimi qalır. Yastığın altında saxlanılan qəpiklər, seyfdəki dollarlar artıq bir nostalji olacaq. 

İnsan öz puluna belə toxuna bilməyəcək. Yeni sistemdə pul virtual dəyərə çevrilir. İnsan artıq “pul qazanmaq” hissini deyil, “rəqəmləri artırmaq” hissini yaşayacaq. 

Bu, həm də pulun emosional dəyərinin itməsi deməkdir. Pul dəyərdən enəcək, kod olacaq. 

Dünyanı yönəldən maliyyə mərkəzləri üçün bu sistem idealdır. Nağd pullar nəzarətdən kənardır, idarə olunmur. Amma rəqəmsal pul tam izlənilə bilən, bloklana bilən və məhdudlaşdırıla bilən vasitədir. Bu, istənilən fərdi və ya ölkəni asanlıqla iqtisadi cəzaya məruz qoymağa imkan verir. 

Hazırda bir çox dövlətlər Mərkəzi Bank Rəqəmsal Valyutaları (CBDC) üzərində işləyirlər. 

Çin artıq rəqəmsal yuanı, Avropa İttifaqı rəqəmsal avronu test edir. ABŞ, Rusiya, Türkiyə, Azərbaycan da bu tendensiyanı izləyir. 

Məqsəd rəsmi izahda “sürətli, şəffaf və təhlükəsiz ödənişlər” olsa da, reallıqda bu, tam nəzarət sisteminin formalaşması deməkdir. Sabah bir bank “xətası” nəticəsində vəsaitlər dondurularsa, milyonlarla insan iqtisadi böhrana düşəcək. Nağdsız sistemdə texniki problem sosial xaosa çevrilə bilər. 

Maraqlıdır ki, bu dəyişiklik iiqtisadi məqamlıarla yanaşı, psixoloji və sosial dəyişikliklər də yaradır. Yeni nəsil artıq “pul saxlamaq” anlayışını tanımayacaq. Onlar üçün sərvət real əşyalar olmayacaq, ekranındakı rəqəmlər olacaq. Bu isə insan davranışını və dəyərlər sistemini kökündən dəyişdirəcək. 

Beləliklə, iddia edə bilərik ki, kağız pulların dövrü başa çatır. Texnoloji keçid kimi baxdığımız bu proses azadlıqla nəzarət arasında seçimin başlanğıcıdır. 

Əgər bu sistem şəffaf və ədalətli şəkildə qurularsa, bəşəriyyət iqtisadi sabitlik və təhlükəsizlik qazana bilər. Lakin məqsəd insanı daha çox idarə etməkdirsə, onda bu, rəqəmsal əsarətin başlanğıcı olacaq. 

Pulun rəqəmlərə çevrildiyi dünyada insanın dəyəri də rəqəmlərlə ölçülməyə başlayacaq. Dünən cibindəki kağız pul sənə güvən verirdi, sabah isə ekranındakı rəqəmlər səni sistemə tabe edəcək. 

Görünən odur ki, kağız pullara vida edirik, amma əslində azadlığımıza vida etməmək üçün hələ düşünməliyik.

Yeri gəlmişkən, rəqəmsal pula tam keçdikdən sonra kağız pullar heş yerdə əmtəə dövriyyəsi kimi işləməyəcək.

Elnur Əmirov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
modern.az

2Mənbələr