Prezident Qustavo Petro Karib dənizindəki ABŞ hücumlarına etiraz olaraq belə qərar qəbul edib...
Poliqon CNN telekanalına istinadən xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin ABŞ xüsusi xidmət orqanları ilə kəşfiyyat məlumatı mübadiləsini dayandırmaq barədə göstəriş verib. Dövlət başçısı bu qərarın Karib dənizində ABŞ qüvvələrinin gəmilərə hücumları ilə bağlı olduğunu bildirib. Petro bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Prezident qeyd edib ki, narkotiklərlə mübarizə siyasəti “Karib hövzəsi xalqlarının insan haqlarına tabe olmalıdır” və Kolumbiya bu prinsipi əsas tutaraq ABŞ-la kəşfiyyat əməkdaşlığını dondurur.
CNN-in məlumatına görə, oxşar addımı bir ay əvvəl Böyük Britaniya da atmışdı. London ABŞ hərbçilərinin Venesuela sahilləri yaxınlığında həyata keçirdiyi əməliyyatlara qoşulmaqdan imtina edib və bu hücumları “qanunsuz” adlandırıb.
ABŞ qüvvələri sentyabr ayından bəri Venesuela sahillərindəki gəmilərə zərbələr endirir. Vaşinqton bu gəmilərin narkokartellərlə əlaqəli olduğunu iddia edir. Bununla belə, beynəlxalq müşahidəçilərin məlumatına görə, hücumlar nəticəsində 70-dən çox dinc insan həlak olub.
Kolumbiyanın qərarı regionda ABŞ-ın hərbi əməliyyatlarına qarşı artan narazılığın növbəti nümunəsi kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, bu addım həm də Cənubi Amerikada müstəqil təhlükəsizlik siyasətinə keçidin göstəricisidir.
Poliqon.info