100-cü Azərbaycan derbisi…

Son illər demək olar ki, bütün Azərbaycan derbilərini stadionda izləmişəm. Ancaq ilk dəfədir ki, belə möhtəşəm atmosferin şahidi olurdum.

“Qarabağ” azarkeşlərinin simasında üç gün öncə “Çelsi” dən xal almağın qüruru vardı.

“Neftçi” azarkeşləri isə çox ümidli görünürdü. Bir müddətdir qara zolaqda var-gəl edən “Neftçi”nin qazandığı son qələbələr komandanın tezliklə ağ günə çıxacağını vəd edir. Görünən odur ki, azarkeşlər verilən vədə böyük ümid bəsləyir. 

Lakin oyunun ilk on dəqiqəsindən sonra məlum reallığı xatırlayırsan. Nə Abubakarın gəlişi, nə Çelsinin yorğunluğu “ köhlən atlar”ın Azərbaycan çempionatındakı məqamını dəyişmir. Dəqiqələr keçdikcə “Qarabağ”ın meydandakı dominantlığı artır. Buna baxmayaraq, “Neftçi” də dizini yerə qoymur, sözün əsl mənasında döyüşür. Ümumiyyətlə, komandadakı irəliləyiş bu matçda özünü daha aydın göstərir.

 İlk hissənin müxtəlif dəqiqələrində Leandro Andrade, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Freddi Varqas, Vensan Abubakar bizi həyəcanlandırsa da, Şahruddin Məhəmmədəliyev və Kenan Piriç qapılarını toxunulmaz saxlayır. Birinci hissədə qol sevinci yaşamasaq da, çox duyğulu anlara şahidlik edirik. 

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Xudayar təsnifi” və matçın 44-cü dəqiqəsində azarkeşlərin səsləndirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları insanı qürurlandırır. 

İkinci hissə isə ilk hissəyə nəzərən daha gərgin keçir. 50-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirir. Qoldan sonra oyunun dinamikası sanki daha da artır. Hər iki komandanın heyətində mühüm dəyişiklər edilir. Buna baxmayaraq matçın geri qalan hissəsində cəmi bir qol görürük. 84-cü dəqiqədə Kamilo Duran “ağ-qaralar”ın qapısını silkələyir. Beləcə matç “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatır. Ağdam təmsilçisi Azərbaycan derbisindən 46-cı dəfə qalib ayrılır.

Oyun bitdikdən sonra da derbi gərginliyi davam edir. Matçdan sonra təşkil olunan mətbuat konfransında Samir Abasovun fikirləri xeyli müzakirələrə səbəb olur. Əvvəla, baş məşqçi penalti epizoduna etiraz edir: “Mənimlə razılaşmaya bilərsiniz, amma belə dəqiqələrdə ucuz penaltilər verilməsi düzgün deyil. Elçin Məsiyev kontakt oyun olduğunu qeyd edirsə, niyə "Zirə" və "Turan Tovuz" matçlarında belə penalti verilmədi?”. 

Abasovun digər səs-küylü açıqlaması isə rəqiblə bağlı olur: “Bu gün bu qədər adamın oyuna gəlməsi, əsla "Qarabağ" və onların oynadığı oyun deyil, "Neftçi"dir. Hamıya ümid vermişdik və davam edirik. Çox yaxşı komanda qururuq”.

Qurban Qurbanov isə Samir Abasovun penalti ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq qeyd edir ki, Elçin Məsiyev elə-belə penalti verməz. Mütəxəssis həmçinin “Neftçi”nin yaxşı mübarizə apardığını, komandanın son vaxtlar öz oyununu formalaşdırdığını qeyd edir”.

Samir Abasovun “Qarabağ”la bağlı  fikirləri futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bu müqayisə xeyli tənqid olundu. Mən isə bu mövzuda Abasovun haqlı olduğunu düşünürəm. Bəlkə də o,  fikirlərini bir qədər sərt ifadə etdi, ancaq həqiqəti nişan aldı. 5000-ə yaxın azarkeşi stadiona gətirən səbəb “Neftçi”nin vəd etdiyi ümid idi. Əgər belə olmasaydı, biz “Qarabağ”ın digər çempionat oyunlarında da dolu tribunalar görərdik. 

İstənilən halda bu rəqabətda qazanan Azərbaycan futboludur. 

Futbolun bəzəyi isə azarkeşdir. Çempionat oyununda bu qədər azarkeşi bir arada görmək çox xoşdur. Tərəflərin bir-birinə atmacaları, pankartlarda yazılan şüarlar futbolun marağını artırmaqla yanaşı, stadiondakı atmosferə xüsusi rəng qatır.

101-ci dəfə dolu stadionda görüşmək ümidilə…