AZ

Zəfər tarixi artıq dərsliklərdə qalib xalqın yaddaşı formalaşır

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Zəfərin beşinci ildönümü Azərbaycan tarixində təkcə torpaqların azad olunduğu deyil, həm də milli ruhun, birliyin və kimliyin dirçəldiyi bir səhifə kimi yadda qalır. 44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın yüzillik arzularını gerçəkləşdirdi, azadlıq ideyasını reallığa çevirdi. Bu gün azad Qarabağda yeni məktəblər, yollar, yaşayış məntəqələri tikilir, həyat yenidən canlanır.

Qələbənin yaratdığı milli qürur isə təkcə hərbi sahədə deyil, həm də təhsildə, mədəniyyətdə, elmdə özünü göstərir. Belə ki, sözügedən istiqamətdə “Zəfər tarixi” dərsliklərə daxil edilib, gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün müxtəlif layihələr həyata keçirilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova bildirib ki, Zəfər Günü təkcə torpaqlarımızın azadlığı deyil, həm də düşüncə azadlığımızın, milli birliyimizin və kimliyimizin təntənəsi oldu.

“Bu Zəfəri bizə verən gənclər təsadüfən yetişmədilər. Onlar bu torpağın yaddaşından, ailədən, məktəbdən, xalqın mənəvi ruhundan doğdular. Bəli, təhsil sistemimizdə müəyyən çatışmazlıqlar ola bilərdi, amma bu heç vaxt gənclərin vətənpərvər, mərd və şəhidliyə qədər inanan bir nəsil kimi formalaşmasına mane olmadı. Çünki Azərbaycan xalqının içindəki milli ruh - yazılmayan, amma hər evdə, hər dua və hər baxışda hiss olunan bir məfkurədir”.

Millət vəkili vurğulayıb ki, Zəfərdən sonra, bizim üzərimizə düşən əsas vəzifə həmin ideyanı dövlət təfəkkürünə, təhsil siyasətinə və gənc nəslin gündəlik həyatına daha dərindən yerləşdirməkdir:

“Təhsil təkcə bilik verməməli, həm də kimlik formalaşdırmalıdır. Müasir məktəb auditoriyası yalnız riyaziyyat və tarix öyrədən məkan deyil, həm də Vətən sevgisinin, milli özünüdərk hissinin, şəhidlərə və dövlətçiliyə sədaqətin yetişdiyi mərkəz olmalıdır.

Bu istiqamətdə artıq ciddi addımlar atılır: dərsliklərdə “Zəfər tarixi” xüsusi yer tutur, qəhrəmanlarımızın həyat yolu nümunə kimi təqdim olunur, məktəblərdə “Zəfər dərsləri”, “Qarabağ Azərbaycandır” layihələri həyata keçirilir. Bu, artıq təkcə ideoloji deyil, mədəni və mənəvi bir proqramdır. Biz bu prosesi davam etdirməli, onu daha sistemli və elmi əsaslarla dərinləşdirməliyik”.

Deputatın sözlərinə görə, gələcək illərdə Azərbaycan təhsili milli ideologiya və müasir elmin vəhdətində yeni bir mərhələyə keçməlidir:

“Biz gəncləri təkcə vətən uğrunda döyüşə yox, həm də onun inkişafı uğrunda yaradıcı mübarizəyə hazırlamalıyıq. Elmli, texnologiyanı bilən, amma ruhu Qarabağda, milli köklərində olan bir gənclik yetişdirməliyik.

Zəfər bizə göstərdi ki, güc yalnız silahda deyil, həm də düşüncədə, mənəviyyatda və təhsildədir. O gənclər necə ki, torpağı qorudular, biz də bu ruhu qorumağı öyrənməliyik. Və təhsil sistemi bunun ən mühüm dayağı olmalıdır”,- deyə E.Akimova fikrini tamamlayıb.

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, 44 günlük Vətən müharibəsindən əvvəl biz daha çox torpaqlarımızın işğal altında olduğunu şagirdlərin diqqətinə çatdırır, işğal tarixlərini qeyd edir və milli-vətənpərvərlik ruhunda müxtəlif mövzulara yer verirdik. Bu mövzular, əsasən, xalqımızda qələbə əzmini gücləndirir və səsləyirdi:

“44 günlük Vətən müharibəsi elə bir dövrə təsadüf etdi ki, həmin vaxt bütün dünyada pandemiya hökm sürürdü. Bütün bui proseslərin fonunda, təhsil sahəsində də müəyyən çətinliklər yarandı. Dərslərin ənənəvi qaydada deyil, həm hibrid, həm onlayn, həm də rəqəmsal formada keçirilməsi 2020-ci ildən etibarən təhsildə yeni bir mərhələnin başlanğıcı oldu.

Qələbəmizdən sonra dərsliklərdə və tədrisdə işğal tarixləri artıq azad olunma tarixləri ilə əvəz olundu. Qalib xalq statusumuz, ordumuzun gücü, xalqımızın birliyi və dövlət rəhbərliyinin qətiyyəti təhsil məzmununda da öz əksini tapdı. Artıq “Zəfər tarixi” ayrıca tədris olunur və bu, şagirdlərdə milli qürur, vətənpərvərlik və qələbə ruhunu daha da möhkəmləndirir”.

Təhsil ekspertinin fikrincə, Vətən müharibəsinə qədərki mərhələdə - Aprel döyüşləri, İyul hadisələri və digər hərbi uğurlar da xalqda qələbəyə inamı və birliyi formalaşdırmışdı:

“İnam və əzmkarlığın nəticəsidir ki, 44 günlük müharibədə Azərbaycan qalib gəldi. Bu gün Azərbaycan xalqı artıq öz tarixi torpaqlarını tanıyır, həmin bölgələrdə həyatın bərpasını, insanlarımızın yenidən orada yaşamasını istəyir. Qalib xalqın iradəsi və arzusu dərsliklərdə, təhsil məzmununda da özünü göstərir. Şagirdlərdə bu ruh müsbət mənada qələbə əzmini, hədəfə çatmaq üçün səylə çalışmaq hissini formalaşdırır.

Beş il sonra bu Zəfəri daha qürurla qeyd edirik. Eyni zamanda, 2023-cü ildə keçirilən antiterror əməliyyatları və Azərbaycanın tam suverenliyinin bərpa olunması da artıq dərsliklərdə öz əksini tapır”.

E.Əfəndi onu da əlavə edib ki, gələcəkdə torpaqlarımızın azad olunmasının 10 və 15 illiyi qeyd edilərkən bu hadisələr təhsil sistemində daha geniş şəkildə işıqlandırılacaq:

“Şagirdlərdə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və milli kimliyi haqqında anlayışlar daha da möhkəmlənəcək. Əsas odur ki, biz unutqan olmayaq. Təbii ki, unutqan olaraq, biz bir xalq kimi bir sıra faciələrlə rastlaşmışıq, məhz bu baxımdan tarixi unutmamaq dövlətimizin gələcəyi üçün mühüm şərtdir. Ancaq unutmadan, tariximizdən dərs alaraq, habelə gələcəyə inamla baxaraq biz daima yeni qələbələr əldə edəcəyik”,- deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
modern.az

1Mənbələr