AZ

İnam və birlik olmadan tarixi qələbələr əldə edilmir

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad beynəlxalq medianın və nüfuzlu beyin mərkəzlərinin diqqət mərkəzindədir. Yalnız ona görə yox ki, parad dövlətin hərbi qüdrətini nümayiş etdirir. Həm də ona görə ki, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etməklə yanaşı, Avrasiya məkanında geosiyasi balansı dəyişib. Tarixi Zəfərimiz, eyni zamanda, böyük Türk dünyasını təmsil edən Türk Dövlətləri Təşkilatının beynəlxalq faktor kimi əhəmiyyətini də önə çıxarıb.

Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı bütün aktorlara və xüsusən, maraqlı tərəflərə güclü mesajdır. Bu, bir tərəfdən, Azərbaycanla hərbi-siyasi həmrəyliyin əyani nümayişidisə, digər tərəfdən Cənubi Qafqazdakı yeni reallığın regional sərhədləri aşan əhəmiyyətinin təsdiqidir. Hərbi paradla dünyaya və ilk növbədə, bədxahlarımıza o mesaj da verildi ki, yeni geosiyasi reallığın memarı olan Azərbaycan beş il əvvəlkindən daha güclüdür və heç bir təhdid onu tarixi Qələbəmizin qorunması yolundan döndərə bilməz!

Ermənistan rəhbərliyinin də etiraf etdiyi kimi, bu ölkə tarixən kimlərinsə forpostu olub, kağız üzərində müstəqilliyini bəyan etsə də, reallıqda buna nail ola bilməyib. Yazdıqları və ya onlar üçün yazılan saxta tarix, uydurulan miflər elə bu cür uyğunsuzluğu və yalançı təqdimatı pərdələməyə xidmət edib. Son günlər Ermənistanda revanşçı kəsimin yenidən fəallaşması, bəzilərinin Robert Köçəryan kimi müharibə cinayətkarlarını “diriltməyə” cəhd göstərməsi, bu məkrli planda hətta beynəlxalq media resurslarından da istifadə olunması ona dəlalət edir ki, tarixi Zəfərimizi həzm edə bilməyən dairələr sakitləşmək fikrində deyil. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hərbi paraddakı çıxışında həm bədxahlarımıza, həm də onların Ermənistanda “diriltməyə” çalışdığı revanşçı kəsimə artıq yaşadıqları reallığı bir daha xatırlatdı: “Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.

Ermənistan rəhbərliyi və erməni cəmiyyəti bilməlidir ki, Azərbaycana qarşı revanş çağırışları 8 avqust tarixli Vaşinqton razılaşmalarında, o cümlədən paraflanmış Sülh sazişinin mətnində nəzərdə tutulan müddəa və öhdəliklərə açıq-aşkar təhdiddir. Azərbaycan Prezidenti bu cür təhdidləri və qurula biləcək iyrənc oyunları əvvəlcədən proqnozlaşdırdığına görə, ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbində israrlıdır. Ermənistanda onu da bilməlidirlər ki, revanş çağırışları, ilk növbədə, özləri üçün ciddi təhlükədir, çünki Ermənistanın gələcəyinə və indiki hökumətinin sülhməramlı bəyanatlarına kölgə salır, ölkələrimiz arasında etimad mühitinə yenidən zərbə vurur. Ermənistan hökuməti və cəmiyyəti ilə yanaşı, oradakı revanşist kəsimi kənardan maşa kimi istifadə edən dairələr qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında səsləndirdiyi bəyanatın arxasında dayanan həqiqətlə oynamağın təhlükəli olduğunu, nəhayət ki, başa düşməlidirlər: “Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik”. O da şəksizdir ki, həmin dairələr qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu xəbərdarlığını da görməzdən gələ bilməzlər: “Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq”.

Hərbi paradda Silahlı Qüvvələrimizin şəxsi heyətinin qürurlu keçidi, nümayiş olunan hərbi texnika, xüsusilə, İnsansız Sistem Qoşunları Ermənistanda revanşa çağırış edən başıpozuqlara və onları dilləndirən dairələrə bu mesajı verdi ki, Azərbaycan Ordusu özündə peşəkar və cəsur şəxsi heyətlə müasir texnoloji nailiyyətləri birləşdirir. Bu güc Vaşinqtonda əldə olunmuş sülhü qorumağa və müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etməyə qadirdir. Çünki arxasında xalqın öz Liderinə tərəddüdsüz inamı və sarsılmaz həmrəyliyi dayanır.

Azərbaycan bütün dünyaya, xüsusilə işğal və separatçılıqdan hələ də əziyyət çəkən xalqlara göstərdi ki, daxili sabitlik və birlik təmin olunmadan, belə tarixi Zəfərlər əldə edilmir. Lider qətiyyəti yalnız bu cür inamla, suveren iqtisadi-hərbi güc və ictimai-siyasi etimadla birləşdikdə, siyasi çəkisindən asılı olmayaraq heç bir qüvvə beynəlxalq hüququn və tarixi ədalətin bərpasına mane ola bilmir. Azərbaycanın tarixi Zəfəri işğal və separatçılıqla barışmayan digər xalqlara Qələbənin düsturunu göstərməklə yanaşı, həm də gələcəyə ümid verdi.

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti bəyanatı məhz bu tarixi gerçəkliyi ifadə edir: “Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz-bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır”.

Ülvi Quliyev                                                                                    

Milli Məclisin deputatı

Seçilən
28
2
modern.az

3Mənbələr