AZ

Nərimanın qarşısında açılan Avropa qapısı...

İdman saytları yazır ki, Avropanın beş böyük futbol ölkəsindən birinin tanınmış klubu bizim Nəriman Axundzadəni öz heyətinə qatmaq istəyir.

Yaxşı xəbərdir, adama qürur düydürür. Təəssüf ki, xəbər dolğun deyil. Bu, hansı ölkədir, hansı klubdur – təfərrüat yoxdur.

Düzdür, “Qarabağ” klubunun Nərimana qoyduğu qiymət də açıqlanıb (2,5 milyon avro), amma yenə də onu almaq istəyən klubun adının çəkilməməsi laübalıdır. Görünür, danışıqlar gedir, işə pəl vuran ola bilər.

Mənə qalsa, Nərimanın qiyməti 10 milyondan çoxdur. Çünki Nəriman çevikdir, ciddi qol duyumu, artmaqda olan ustalığı var, zamanla daha yaxşı olacaq.

Son oyunlarda ona qarşı qismən haqlı, böyük ölçüdə haqsız tənqidlər var, bəziləri deyir ki, guya o, meydançada gəzir, aktiv mübarizə aparmır və s.

Havayı söhbətdir. Azərbaycan futbolunun tanınmış simaları olan İsgəndər Cavadov və Maşallah Əhmədov Nəriman yaşda olanda heç “Neftçi”də oynamırdılar, ya da əvəzedici heyətin ehtiyat skamyasında otururdular. Nəriman isə “Qarabağ”ın əsas heyətində çıxış edir, “Braqa”ya qol vurur, “Çelsi” ilə oynayır, qol ötürməsi verir.

Könül istərdi ki, daha yaxşı olsun, hər oyunda het-trik etsin, biz də ona “Qafqaz Messisi” ləqəbi qoyaq. Amma reallıq budur ki, birincisi, futbol sürətlənib və müasir futbolda on minlərlə gənc istedadla var, ikincisi, Messi bir fenomendir.

Maradonanın vaxtında da əla futbolçular vardı, hamısı Diyeqonun kölgəsində qaldı. Rumın Hacı belə Avropada fırtına qoparanda adına “Karpat Maradonası” dedilər.

Yəni zirvələrə qalxmaq istəyən gənc istedadımızın qolunun üstündən vurmaq düz deyil. Hər bir haqsız tənqid onu ruhdan sala bilər. Eləcə, haqsız təriflə də heç kimin qoltuğuna qarpız verməyə ehtiyac yoxdur.

Təəssüf ki, Türkiyədə olduğu kimi, bizdə də həlledici oyunda mühüm qol vuran oyunçunu tərifləyib göyə qaldırmaq, ondan gözləntilərimizi maksimuma çatdırmaq, növbəti oyunda gözlədiyimiz olmayanda isə adamı qaldırdığımız zirvədən yerə çırpmaq vərdişimiz var.

Şahruddini nə günə qoyduq, yadınızdadır? Düzdür, o da düz eləmirdi, elə səhvlər buraxırdı ki, “Qarabağ” sırf onun uşaqcasına səhvləri üzündən məğlub olur, ələnirdi, amma biz də barıtı çox elədik, kütləvi və sərt tənqidlə az qala yazığı ölkədən qaçıracaqdıq. Yaxşı ki, klub rəhbərliyi onu xərcləmədi.

Bu, azarkeş olaraq bizim minusumuzdur. İstedadlı futbolçularımızın da bir yekə minusu var: tez şişirlər. Bir az pullanan kimi məşqə barmaqarası baxırlar, gecə həyatına meyllənirlər, bahalı maşınlarda ora-bura şütüyürlər. Halbuki formada qalmaq üçün futbolçu (əslində istənilən idmançı) daima öz üzərində işləməlidir, yeniliklərə açıq olmalıdır, intellektini, peşəsinə dair bilgilərini artırmalıdır.

Ronaldo necə edir? Ronaldo Nərimanın atası yaşdadır, onların ikisini də idman cığırına çıxarıb ötüşdürsək, Ronaldo finişə Nərimandan gec gəlməz. Niyə? Çünki adam öz üzərində işləyir, futbolda fəth etdiyi zirvələrlə qane olmur, hamıdan yaxşı olmağa çalışır.

Bizimkilərin zirvəsi də, bilirsiniz, nədir. Xərcləməyə pul olsun, kirayəyə verməyə 3-4 mənzil alsınlar, çayxana açsınlar, market işlətsinlər. Avropa klublarına transfer olunmaq əsas məqsəd deyil. Bu qafa ilə oralara gedənlərimiz də baş çıxara bilmir, qayıdırlar. Çünki orda komfort yoxdur, adamdan intensiv məşq və gərgin mübarizə tələb edirlər.

Bu baxımdan Nəriman Avropa klubuna keçməyə tələsməməlidir. O, Avropaya gedib Arda Gülər kimi olacaqsa, getsin, yox, Mahir Emreli kimi tez-tez klub dəyişdirəcəksə, getdiiyi klubda əsas heyətin üzvü olmayacaqsa, onda onun orada nə işi var? Burada püxtələşməkdə davam etsə, yaxşıdır.

Ancaq belə transferlər “Qarabağ”a sərfəli ola bilər. Oyunçu yetişdirib satmaq mənfəətli işdir. Niderlandın “Ayaks” və Portuqaliyanın “Portu” klubları əsasən bu işlə məşğuldur. Qoy “Qarabağ” da istedadlı gəncləri Avropaya yollasın, onlar da milli komandanı bir tərəfə çıxarsınlar.

Seçilən
50
musavat.com

1Mənbələr