Bakı, 10 noyabr, Elmir Səftərov, AZƏRTAC
Qafqaz regionu Türkiyə üçün strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Xüsusilə Azərbaycan kimi dost və qardaş ölkənin bölgədə sabitlik və təhlükəsizlik məsələlərində Türkiyənin yanında yer alması Anadolu torpaqlarının təhlükəsizliyini təmin edən əsas amillərdən biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beykent Universitetinin Siyasət elmi və dövlət idarəçiliyi fakültəsinin müəllimi Kemal Olçar söyləyib.
Ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsində qazandığı tarixi Zəfər həm hərbi, həm diplomatik baxımdan regionda yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın bu uğuru təsadüfi deyil, ölkəniz Qələbəni illərlə apardığı planlı hərbi islahatlar, ordu quruculuğu və Türkiyə ilə strateji müttəfiqlik siyasəti nəticəsində əldə edib.
Rusiya, İran, Avropa İttifaqı və ABŞ kimi regional və qlobal aktorların maraqlarının toqquşduğu Cənubi Qafqazda Azərbaycan müstəqil siyasət yürüdərək öz milli maraqlarını qorumağı bacardı.
K.Olçar, həmçinin Türkiyə-Azərbaycan əməkdaşlığının təkcə hərbi deyil, iqtisadi, enerji, mədəni və diplomatik sahələrdə də çoxşaxəli olduğunu diqqətə çatdırıb.
"Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Hərbi paradda iştirakı həm region dövlətlərinə, həm də beynəlxalq güclərə açıq mesaj idi. Bu, birliyin daimi və sarsılmaz olduğunu göstərdi.
Bu birgə strateji xətt Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə, Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik baxımından güclənməsinə zəmin yaradır", - deyə ekspert vurğulayıb.
O əlavə edib ki, Azərbaycan və Türkiyənin ortaq siyasi iradəsi, bölgədə sülhün və sabitliyin əsas təminatçısına çevrilib. Bu proses təkcə Qafqazda deyil, Orta Asiya, Balkanlar və Qara dəniz hövzəsində də güclü geosiyasi təsir yaradacaq.