AZ

Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar geniş ticarət və nəqliyyat potensialını ortaya qoydu – RƏY

Şanlı zəfər nəticəsində Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar həm Avropa ölkələrinə münasibətdə, həm də Şərqə doğru münasibətlərin inkişafında geniş ticarət və nəqliyyat potensialını ortaya qoydu.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O bildirib ki, Avropa İttifaqının Mərkəzi Asiya, Çinlə münasibətlərində Azərbaycanın malik olduğu vacib coğrafi mövqe və nəqliyyat infrastrukturunun əhəmiyyəti artmaqdadır: “Prezident İlham Əliyevin apreldə Çinə səfəri çərçivəsində imzalanmış Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Birgə bəyanatda yer alan müddəa bu tranzit yolunun dinamik inkişaf edəcəyini təsdiqləyir. Ölkə rəhbərinin Qazaxıstana dövlət səfəri çərçivəsində əsas müzakirə mövzularından biri də Orta Dəhlizin, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun işinin intensivləşdirilməsi ilə bağlı olub. Bəzi strateji əhəmiyyətli xammal və qiymətli metalların bu marşrutla, Azərbaycanın yaratdığı nəqliyyat infrastrukturu vasitəsi ilə Avropa və dünya bazarına çatdırılması barədə razılıq əldə olunub.

Belə ki, Prezident Tokayevin bundan sonra Qazaxıstanda istehsal olunan uranın həm də Azərbaycan üzərindən ixracının həyata keçirilməsi təklifi Orta Dəhlizin bir daha strateji əhəmiyyətinin artmasını göstərir. Nəzərə alsaq ki, Qazaxıstan bu gün dünyada istehsal olunan uranın 40 faizini verir. Amerika Birləşmiş Ştatlar özünün urana olan tələbatının 25 faizə yaxının buradan idxal edir, məsələnin ciddilliyi və aktuallığı daha da aydınlaşır”.

Deputatın fikrincə, məsələ həm də ona görə aktuallıq qazanır ki, cari il oktyabr ayının əvvəlindən Çin Xalq Respublikası nadir torpaq elementlərinin və batareya istehsalı üçün vacib materialların Avropa İttifaqına ixracına məhdudiyyətlər tətbiq etməyə başladı: “Trampın Çin rəhbəri ilə Cənubi Koreyadakı bu yaxınlardakı danışıqlarından sonra bir illik moratorium əldə olunsa da, problem aradan qalxmayıb. Problemin mahiyyəti həm də odur ki, Avropa İttifaqı ölkələri də onlara strateji təyinatlı sənaye məhsullarının istehsalında lazım olan nadir torpaq elementlərinin əksər hissəsini məhz Çindən idxal edirlər. Məsələn, təkcə Almaniyanın bu sahədə, xüsusi ilə maşınqayırma sahəsində tələb olunan qiymətli metallardan Çindən asılılığı 2014-cü ildəki 32%-dən 10 il sonra, 2024-cü ildə 60%-i keçmişdir. Nəzərə alaq ki, Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsi 2024-cü ildə 730 milyard ABŞ dollarından çox olub və burada müsbət saldo 300 milyard ABŞ dolları olmaqla Çinin xeyrinədir”.

R.Nəbiyev qeyd edir ki, ilkin hesablamalara görə, Çindən Azərbaycana yük daşımalarının həcmi dinamik şəkildə artır və 2030-cu ilədək bunun 2024-cü illə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır: “Dünya Bankının məlumatına görə, 2030-cu ilədək Orta dəhlizdən daşımaların həcmi 11 milyona çatacaqdır. Belə vəziyyətdə Avropa dövlətləri alternativ mənbələr axtarışında aktiv fəaliyyətə başlayıblar. Potensial tərəfdaşlar arasında Qazaxıstan, Özbəkistan də yer alır. Aİ-nin sənaye dövlətləri, Almaniya, Fransa Qazaxıstan və Özbəkistandan xüsusi ilə hərb sənaye, maşınqayırma sahələrində də ciddi ehtiyac duyduğu qiymətli metalların və digər xammalın sabit, alternativ yollarla idxalında maraqlıdır. Bu sahədə tələb olun 39 müxtəlif qiymətli metalın 9 növü Avropa ərazisində kritik həddə çatışmazlığı barədə ciddi narahatlıq NATO və Aİ tərəfindən rəsmən bəyan edilib. Buna görə də Avropa İttifaqının Mərkəzi Asiya ilə münasibətlərində də intensivləşmə müşahidə olunur”.

“2025-ci ilin aprelində Səmərqənd Sammitindən sonra Brüssel “Global Gateway” (Qlobal keçid) təşəbbüsü çərçivəsində Mərkəzi Asiya ölkələrində investisiya qoyuluşuna, eləcə də nəqliyyat infrastrukturunun inkişafına yatırıma başlayıb və 2030-cu ilədək bu rəqəmin 12 milyard avro təşkil edəcəyi Səmərqənd sammitində açıqlanıb. Aİ-nin “Global Gateway” təşəbbüsü müəyyən mənada Çinin “Kəmər, Yol” layihəsinə alternativ kimi təqdim olunsa da, Orta Dəhliz və onun vacib seqmenti Zəngəzur dəhlizi hər iki təşəbbüsdə yer alan tərəflər üçün ortaq maraq nöqtəsinə çevrilə bilər. Bu maraqlar Azərbaycanın diplomatik səyləri ilə məhz hər iki tərəfin qarşılıqlı qazanması yanaşma çərçivəsində uzlaşdırıla bilər.

Prezident İlham Əliyevin vurğuladığı kimi “Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.” Aİ ilə Çin arasında intensivləşən ticari münasibətlərdə tranzit ölkə kimi Azərbaycan Orta dəhlizin vacib hissəsi kimi mühüm rol oynayır. Bu həmçinin Zəngəzur dəhlizi üçün uğurlu perspektiv vəd edir”, – o vurğulayıb.

Seçilən
52
nocomment.az

1Mənbələr