AZ

Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə veloyürüş təşkil olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib ki, Dövlət Bayrağı Meydanından start götürən veloyürüşdə gənclər və idman naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib. Tədbirdə 300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən paravelosipedçilər Dənizkənarı Bulvar ərazisindəki velosiped yolları ilə Zəfər Parkına doğru hərəkət ediblər. “Crescent Mall”un yaxınlığından Zəfər Parkınadək iştirakçılar Azərbaycan bayraqlarını daşıyan motosikletçilər tərəfindən müşayiət olunub.

Doğru.az xəbər verir ki, veloyürüşü uğurla tamamlayan iştirakçılara xatirə medalları təqdim olunub, daha sonra Zəfər Parkı abidəsinin önünə gül dəstələri qoyularaq 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mətbuat nümayəndələrinin suallarını cavablandıraraq bildirib ki, veloyürüşün əsas məqsədi Dövlət Bayrağı Gününün ictimai əhəmiyyətini vurğulamaq, gənclərdə Zəfər Bayrağına hörmət və ehtiram hissləri formalaşdırmaq, velosiped idmanına marağı artırmaq və ölkə ərazisində salınan velosiped yollarından istifadəni təşviq etməkdir.

Tədbir Zəfər Tağı qarşısında vətənpərvərlik ruhunda musiqi nömrələri və “Yallı” rəqsi ilə yekunlaşıb.

DOĞRU.AZ

Seçilən
17
11
dogru.az

10Mənbələr