AZ

Azadlıq meydanında içilən AND

Rəhbərlik etdiyi qardaş xalqa və dövlətə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” nəsihət və vəsiyyətini əmanət etmiş Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk vəfatının 87-ci ildönümündə Azərbaycanda da böyük sayğı və minnətlə anılır. Türkiyə və Azərbaycanı bir-birinə bağlayan o qədər tellər var ki... “Bir millət, iki dövlət”in arasındakı Turan körpüsü – Zəngəzur dəhlizi 105 il öncə qapadılsa belə, torpaqlarımız yağmalansa belə, qanlı sovet imperiyası mövcud olduğu dönəmdə iki qardaş xalq arasındakı mənəvi bağlılıqları qıra bilmədi. Çox keçməyəcək, Zəngəzur dəhlizi, Turan qapısı yenidən açılacaq, artıq buna kimsənin şübhəsi qalmayıb.

8 Noyabr 2025-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5-ci ildöümünə həsr olunmuş hərbi paradda yenə də iki Türk lider yanaşı dayanmışdılar. Həmçinin çətin günün dostu olduğunu tarix boyunca isbatlamış Pakistanın Baş naziri də şərəf tribunasındaydı. Təsadüfi deyildi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev hərbi paraddakı çıxışını Azərbaycan xalqını şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə ürəkdən təbriklə və dəvətini qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlamaqla başladı.

XSn1OfnhXcrSxOcVR6I9yapNoYA9ldfjfvbbtNWm_825.jpg

Cənab Prezidentin Türkiyə Cümhuriyyətinin lideri haqqında dedikləri səmimiyyətin, yüksək qiymət və ehtiramın göstəricisidir. Sitat: “Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

İİİİİİİİ.jpg

Türkiyə Prezidentinin 2020-ci ilin Tovuz döyüşləri zamanı “Bu, Ermənistanın boyunu aşan hücumdur”, deyərək Ermənistanın havadarlarına xəbərdarlıq etməsi, Azərbaycana birmənalı dəstəyini davamlı şəkildə xatırlatması, hakim komandanın təmsilçilərinin davamlı şəkildə Bakıya səfərləri, həmçinin Vətən müharibəsinin ilk günlərindən Türkiyənin “F-16”larının Gəncə yaxınlığına enməsi bir çoxlarının “kürkünə birə salmışdı.” Bu, bir başqa Türkiyə idi, 90-cı illərdə sovet tanklarının Bakıda törətdiyi qırğına səssiz qalan, Kəlbəcər işğal olunan zaman mülki sakinləri mühasirədən çıxartmaqdan ötrü helikopter verməyə belə cəsarəti çatmayan NATO ölkəsindən fərqli bir Türkiyə!

rjjITy5WauKX6SR7iZvesjQjq4hw81ssHZnQNRYj_825.jpg

Qısa müddətdə iki qardaş ölkə əsrə bərabər yol keçdilər. Dövlətimizin başçısı da məmnunluqla xatırlatdı: “Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar”.

Məhz bu mübarək yola görə Azadlıq meydanında keçirilən Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürü  idi. 44 günlük Vətən müharibəsindən sonrakı ilk keçiddə, 5 il bundan əvvəlki Zəfər paradında da cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti ilə bərabər idi. Və qələbənin ilk yubileyində də bir yerdə dost-düşmənə mesaj verdilər.

9OokfWWco8niP2AjINS4TqOrtHZp8cShFBxE7n3W_825.jpg

Eyni zamanda qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fəxri qonaqlar sırasında olması məmnunluqla qarşılandı, dövlət başçımız da çıxışında onun adını xüsusilə vurğuladı. Sitat:

“Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.

Pakistan Ermənistanın işğalçı siyasətinin qarşılığında onu bir dövlət kimi tanımayan tək dövlət oldu! Müsəlman dünyasının nüvə dövlətinin sərgilədiyi prinsipiallıq bir çoxları üçün nümunə idi. Yalnız Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Pakistan Ermənistanla əməkdaşlıq istiqamətində addım atdı. Bu nümunələr tarixin şərəf lövhəsində daim qalacaq və hörmətlə xatırlanacaq, necə ki, Azərbaycan oğullarının canları-qanları hesabına Çanaqqala zəfərinin qazanılmasında iştirakı, Nuru paşa və Qafqaz İslam Ordusunun Azərbaycanın daşnaklardan və bolşeviklərdən azad edilməsi kimi unudulmaz nümunələr fəxarətlə dilə gətirilir. Bu üç qardaş şad gündə də, ağır dönəmlərdə də bir-birinə arxa-dayaq oldular və bu birgəlik əbədiyyətə qədər davam edəcək! Möhtəşəm üçlük: nüvə ölkəsi, NATO dövləti, 21-ci əsrdə ərazi bütövlüyünü təkbaşına azad etmiş tək Dövlət!

Hər iki ölkənin rəhbərinin Bakıdakı Hərbi paradda iştirakı qardaşlığımızın nümunəsi və əbədiyaşarlığının təzahürüdür. Bundan əvvəl 3 lider azad Laçında bir araya gəlmişdilər, Laçın yüksəkliklərindən dost-düşmənə ismarışlar yollamışdılar.  

Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə gələn digər dost ölkələrdən də yüksək səviyyəli qonaqlar izlədilər hərbi paradı. Siyahıya diqqət edək: Slovakiya - baş nazirin müavini, müdafiə naziri, Səudiyyə Ərəbistanı - müdafiə nazirinin müavini, Serbiya - Baş Qərargah rəisi, Qırğızıstan - müdafiə naziri, Qazaxıstan - müdafiə naziri, Özbəkistan - müdafiə nazirinin müavini səviyyəsində təmsil olunurdular.

Bir müddət öncə Türk Dövlətləri Təşkilatı Qəbələ Zirvəsinə toplaşmışdı, oradan da vacib mesajlar verilmişdi dost-düşmənə. Amma Qəbələ Zirvəsi kimi, Bakıda keçirilən hərbi parad da kimisə təhdid xarakteri daşımırdı. 21-ci əsrin silah, texnikalarının, Azərbaycan ordusunun qüdrətinin, xalqının mətinliyinin nümayişi dövlətimizə və dost-qardaş ölkələrimizə bəd niyyətlərlə baxmaq istəyənlərə xəbərdarlıq xarakterli göstəri idi. Bəli, bir daha kimsə bizimlə təhdid dilində danışmağa cürət etməsin, əks halda, Ali Baş Komandanın dediyi kimi, “peşman olacaqlar!”

Türkiyə Prezidenti R.T.Ərdoğan 86 milyonluq Türkiyə xalqının salamlarını şərəf tribunasından səsləndirməklə yanaşı, şanlı qələbəmizə verdiyi böyük qiyməti bu şəkildə izhar etdi:

“İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar.

Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır”.

Bütün Türk Dünyasının böyük Zəfəridir Qarabağda qazanılan QƏLƏBƏ!

QQQQQQ.jpg

Prezident İlham Əliyev ötən illərin acı xatirələrini, həm də gerçəklərini dilə gətirdi: “1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir, etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı”.

Bu, həm də o deməkdir ki, Azərbaycan heç zaman üzləşdiyi cinayətləri unutmayacaq, bəd niyyətlilər “qulaqlarından sırğa etsinlər!” Həm də o qüvvələr anlasınlar ki, bu dövlətin, bu xalqın iradəsini sındırmaq mümkünsüzdür! Dövlət başçımız qeyd etdi ki, hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı azad edəcəyimizi bəyan etmişdi. 17 il sonra həyata keçirilən bu müqəddəs ANDın Hərbi paradda, Qalib Ordunun keçidi zamanı, Qalib Xalqın qarşısında, Dost liderlərin iştirakı ilə bəyan olunmasının özü o qədər böyük məmnunluq doğurdu ki...

Pakistanın Baş naziri Şahbaz Şərif Azadlıq meydanında sanki and içdi:

“Beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq”.

Səmimiyyətlə yoğrulmuş möhtəşəm anddır! “Amin” deyək...

ttPgpdOljFtLZGjKonBik3oCS94dhMNJIkUkJeZR_825.jpg

Dövlətimizin başçısı öz çıxışında Ermənistanın zamanında düzgün nəticə çıxara bilmədiyini, İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşdığını, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başladığını qeyd etməklə İrəvandakı revanşistlərlə yanaşı, sülh sənədinin paraflanmasından sonra da ayağını sürüyə-sürüyə sülhə doğru “bir addım irəli, iki addım geri” atan rəsmilərə də xəbərdarlıq etmiş oldu. Vaxtilə bizi yeni müharibə ilə hədələyənlərin taleyini də xatırlatdı: “Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.

Möhtəşəm nəticədir! Təkcə erməni işğalçılarına və separatçılarına deyil, bütövlükdə dünyada bənzər yol(suzluğ)u seçənlərə ibrət dərsi olacaq nəticə! Həm də Azərbaycan nümunəsi!

YDDl6LFO7ev1aIORV0k37HycUKhxfVEo7QXwncLf_825.jpg

Şəhid və qazilərimizin canı, qanı bahasına, ordumuzun qüdrəti, xalqımızın vəhdəti, şəhid analarının “yalvarıram, Ali Baş Komandana deyin, müharibəni dayandırmasın”, xahişləri ilə müşayiət olunan Vətən müharibəsində qazanılan tarixi qələbəmizlə fəxr etməklə yanaşı, onun əbədiliyi üçün hər birimizin üzərinə məsuliyyət düşür.

1b3a6c8a-e982-4e26-bf42-5f34a10cf8f7.jpg

Azadlıq meydanındakı hərbi parada tamaşa etməyə gələnlər sırasında əllərində Azərbaycan və Türkiyə bayraqları tutmuş uşaqlarımızın gözlərindəki sevinci, üzlərindəki şaqraq gülüşü izləmək o qədər xoş idi ki... Onlar bayraqlarımızı sevərək, möhkəm-məhkəm tutmuş Azərbaycanın gələcəyidir. Əmanət torpağa, bayrağa, dövlətə sahib çıxan yeni Xüsusi Təyinatlı Xalq yetişir!

Qələbəmiz bir daha mübarək, birliyimiz, birgəliyimiz əbədi, dostluğumuz-qardaşlığımız var olsun! Azadlıq meydanı təkcə hərbi keçid ünvanı olmadı, həm də qardaşların and içdiyi məkan kimi tarixə düşdü. Şuşa Bəyannaməsinə qədər və ondan sonra birgəliyimizin çoxsaylı nümunələri olmuşdu, bu, bir başqadır! Andımız mübarək olsun!

Elşad Paşasoy

Seçilən
23
1
yeniazerbaycan.com

2Mənbələr