“Red Bull” komandasının pilotu Maks Verstappen Braziliya Qran-Prisində “Mercedes” sürücüsü Kimi Antonelliyə qarşı uğursuz hücumunun səbəbini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “Racing News 365” Verstappenin dediklərini belə çatdırıb.
“Corc Rassellə ötmədən sonra artıq bir qədər təkər aşınması hiss olunurdu. Kimi ilə yaxınlaşdığım anda təkərlər həddindən artıq qızmağa başladı və ilişmə gücünü itirdim. ‘Soft’ təkərlərdə bu vəziyyət ‘medium’lara nisbətən daha çətindir. Amma ümumilikdə çox güclü yarış keçirdik. Pit-leyndən başlayıb podiuma yüksəlmək və liderdən cəmi 10–11 saniyə geri qalmaq əla nəticədir”
Dördqat dünya çempionu yarışa pit-leyndən start alıb və ilk dövrlərdə təkər deşilməsi ilə üzləşsə də, “Red Bull”un düzgün strategiyası sayəsində podiuma yüksəlib. Yarışın son mərhələsində Verstappen təzə “soft” təkərlərlə, rəqibi isə köhnə “medium”larla mübarizə aparsa da, üstünlüyünü reallaşdıra bilməyib.
Komandanın mühərrikin dəyişdirilməsi və bolidin sazlamalarına düzəliş qərarı tam özünü doğruldub. Ferstappenə ikinci yer uğrunda hücum üçün bir neçə dövrə çatmasa da, mövcud şəraitdə üçüncü pillə maksimal nəticə hesab olunur.