ain.az bildirir, GlobalInfo portalına istinadən.
“Müasir dövrün reallıqları ölkələrdən daha dinamik siyasi və iqtisadi fəaliyyət tələb edir. Son illərdə artan münaqişələr isə təhlükəsizlik amilini ilkin olaraq aktual edir. Xüsusilə o məqamda ki, ikili standartlar artır, hər kəs haqlının deyil, güclünün yanında olmağı seçir. Bu reallığı isə zamanında dərk edən ölkələr və liderlər proseslərə bir addım öndən qoşulurlar. Azərbaycan Prezidenti İlham Əliyev bu reallığı nəinki zamanında dərk etdi, hətta illər ərzində bizim ümid etdiyimiz, onların isə həll etməli olduqları problemin süni şəkildə uzadılmasının, yubadılmasının, tamamilə dondurulmağa çalışılmasının üzərindən xətt çəkdi”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib:
“Onlar dediyimiz ünvanlar dünyanın ən ali beynəlxalq təşkilatı və bu təşkilatda kök salmış aktorlar idi. Həmin bu aktorlar işğalçıya təzyiq etmək əvəzinə ona siyasi, iqtisadi, heç şübhəsiz ki, ən çox da mənəvi baxımdan arxa-dayaq dururdular. Prosesləri dəqiqliklə izləyən və analiz edən Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün strategiya müəyyənləşdirdi. Bu strategiyanın əsasında iqtisadi baxımdan güclü olmaq dayanırdı. Məhz bu amil bizə ordumuzu ən müasir silah-sursatla təchiz etməyə imkan yaratdı. İdeoloji əsaslar da ən az bunun qədər vacib idi. Odur ki, dövlət başçımız imza atdığı hər bir sənədlə, qəbul etdiyi hər bir qərarla, hətta səsləndirdiyi hər bir fikirlə Azərbaycan gəncliyini vətənpərvər ruhda yetişdirmək yolunu tuturdu. Ölkənin ictimai-siyasi xadimləri, təhsil, təlim-tərbiyə işçiləri qarşısında bu məsələni əsas tapşırıq kimi müəyyənləşdirirdi. İndiki dövrdən o dövrə dönüb baxdığımız zaman hər bir məsələnin ardıcıl, sistemli, koordinasiyalı şəkildə aparıldığının şahidi oluruq.
Səbr kasamızı daşıran isə tək bir cümlə oldu: “Qarabağ Ermənistandır və nöqtə.” Hətta Ermənistan o qədər azğınlaşmışdı ki, yeni ərazilər uğrunda, yeni müharibə eşqi ilə yaşayır, Bakıda çay içmək yuxuları görürdü. Onları ayıltmağın zamanı 27 sentyabr tarixində tapıldı. Tapıldı ona görə ki, Azərbaycan Lideri yetişən ən uyğun siyasi zamandan və məqamdan istifadə edərək əks-hücum əməliyyatları barədə əmr verdi. Ali Baş Komandanın bu əmri isə yalnız Azərbaycan Ordusu tərəfindən qəbul edilmədi. Xalqımız bu əmrin çoxdan həsrətində idi, məhz bu əmr böyük sevinc və fəxarətlə hər bir azərbaycanlı tərəfindən qarşılandı. Bu əmri bütün azərbaycanlılar öpüb gözləri üstünə qoydu.
44 gün! Hər anı müqəddəs olan 44 gün bütün millətimiz, xalqımız, cəmiyyətimiz — dilindən, dinindən, sosial kateqoriyasından, siyasi əqidəsindən asılı olmayaraq özünə azərbaycanlı deyən, bu adı özünə fəxr bilən hər kəsi bir etdi, yumruq etdi. Bu yumruq Müzəffər Ali Baş Komandanımızın Ermənistanın başına qətiyyətlə endirdiyi “Dəmir Yumruq”a çevrildi. Dəmir qədər bərk, polad qədər sərt yol tutan Azərbaycan Lideri xalqa hər müraciəti ilə xalqın qəlbini hər gün, hər an yenidən fəth edirdi. Nəticə etibarilə, ən çətin tapşırıq olan Şuşa qalamız fəth edildi. Şuşa isə heç bir müasir silah-sursatla deyil, əlbəyaxa döyüş nəticəsində, qəhrəman, qeyrətli, ər oğullarımızın canı-qanı bahasına azad edildi. Buna görə də Zəfərdən sonra imzalanan, məhz Şuşa sözü ilə taclandırılan Şuşa Bəyannaməsi yenidən və güclü bir mesaj oldu”.
Azərbaycan və Türkiyə liderləri Zəfər paradını izləyirlər, 8 noyabr 2025
Politoloq bildirib ki, 8 noyabr 2025-ci ildə Azadlıq meydanından Zəfərimizin beşinci ildönümünü böyük coşqu ilə dünyaya bir daha çatdıran dahi liderimiz qeyd etdi ki, qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın müharibə vaxtı “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya ciddi mesaj idi:
“Zəfərimizin beş illiyi münasibətilə keçirilən görkəmli Hərbi Paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin təzahürüdür. Bu paradda ilk dəfə olaraq Pakistan hərbçilərinin də iştirakı Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Azərbaycan–Türkiyə–Pakistan birliyi indiki reallıqlarda olduqca zəruridir. Elə Azərbaycana səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ermənistanla normallaşma prosesi Azərbaycanla sinxron şəkildə həyata keçirilir” deməsi bu birliyin indiki məqamda da qəti mövcudluğundan xəbər verir.
Son zamanlar beynəlxalq siyasətdə yeni ittifaqlar, paktlar və əməkdaşlıq təşkilatları qurulmağa başlamasının səbəbi ilk növbədə beynəlxalq təşkilatların təyinatı üzrə fəaliyyətsizliyi, işlək mexanizmini itirməsidir. Beynəlxalq sistem son on ildə demək olar ki, ləngidiyi üçün qurulan bütün bu strukturlar ilk növbədə təhlükəsizliyə əsaslanır. Azərbaycan–Türkiyə–Pakistan birliyi də təhlükəsizlik amili üzərində dayanır. Bu amilin təyinat nöqtəsi sülhdür. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin hərbi paraddan öncə 3 iyul 2024-cü il tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Astanada, 28 may 2025-ci il tarixində Laçında, ardınca oktyabrın 2-də Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci zirvə görüşündə, 13 oktyabrda isə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində baş tutan görüşləri və mütəmadi təmasları xalqlarımızı sevindirir.
Zəfər paradında: Azərbaycan, Türkiyə və Pakistan liderləri
Bəli, heç bir mübaliğəsiz, pafossuz deyə bilərik ki, Azərbaycan əldə etdiyi Zəfərlə dünya tarixinə istiqamət verən aktordur. Bütün bunları real edən, yeni reallıq yaradan 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevin siyasi xadim, görkəmli diplomat və ən əsası öz dövlətini, xalqını və millətini sevən bir insan olaraq xalqımızın Ona bəslədiyi ümidləri hər zaman ən yüksək formada doğrultmasının təzahürüdür. Azərbaycan xalqının 2020-ci ildən bəri keçirdiyi hisslər 200 illik tariximiz boyu yaşadığı əzab-əziyyətli yolu, ağrıları unutdurur. Azərbaycanın tarixi Zəfəri Xocalı yaramızı sağaldır. Bakıda çay içmək yuxuları görənlər bu gün Azərbaycan təcridxanalarında sadəcə Azərbaycan qanunları qarşısında deyil, vicdanları qarşısında da hesabat verirlər. Ədalətin təntənəsi, bərpası bax, budur.
Azərbaycan Liderinə Zəfər Günü münasibətilə gələn təbrik məktublarının tərzi də, istifadə edilən üslub da öz sözünü deyir. Məktublarda bir tərəfdən bizim milli məqsədlərimizə çatmaq yolunda nümayiş etdirdiyimiz əzmkarlıqdan bəhs edilirsə, digər tərəfdən dövlət başçımızın regionda sabitliyin və rifahın qorunması naminə göstərdiyi səylərin xüsusi diqqətlə izlənildiyi vurğulanır. Deməli, nəzər nöqtəsi Azərbaycandır. Regionla formalaşdırılacaq əməkdaşlıq və münasibətlər baxımından etimad göstərilən tərəf Azərbaycan Lideridir.
Bir tərəfdən bu reallıqlar varkən, digər tərəfdən Azərbaycan dövləti “Böyük Qayıdış” Proqramını intensiv şəkildə icra edir. İşğaldan azad edilmiş torpaqlarda 60 mindən çox insanın yaşayıb, çalışıb, təhsil alması insanlarımızın öz doğma torpaqlarında yaşayıb-yaratmaq arzusundan, həyat eşqindən xəbər verir”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.