AZ

İstanbulda qadın ərini yuxuda ikən üzərinə qaynar yağ tökərək öldürüb » AzadMedia.az


Türkiyədə demək olar ki, hər həftə xəbərlərdə qadınların məişət zorakılığının qurbanı olması ilə bağlı faciələrə rast gəlinir – döyülən, boğulan, güllələnən, yandırılan, eyvandan atan qadınlar.

Amma bu dəfə hər şey əksinə oldu: İstanbulun Üsküdar rayonunda bir qadın yatan ərinin üzərinə qaynar yağ tökərək onu öldürüb.

Kişi xəstəxanaya yerləşdirilsə də, 13 gün sonra aldığı yanıq xəsarətlərindən vəfat edib. Onun həyat yoldaşı Zeynəb G. saxlanılıb. Məhkəmədə qadın bildirib ki, 25 il ərzində zorakı, alkoqolik, onu döyən, alçaldan, getməyə imkan verməyən və uşaqları əlindən alacağı, yaxınlarını öldürəcəyi ilə hədələyən adamla yaşayıb.

“Sadəcə məni döydü və sonra rahatca yatdı.”

Zeynəbin sözlərinə görə, hadisə günü də Sinan G. yenə sərxoş halda evə qayıdıb, onu təhqir edib, sonra isə heç nə olmamış kimi uzanıb yatıb.

“Mən mətbəxə getdim, təxminən üç litr yağı qızdırdım. Və üzərinə tökdüm. O, qışqıraraq oyandı. Mən ona bir-iki şillə vurdum və evdən çıxdım. Daha sonra polis gəldi.”

Kişi ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, demək olar iki həftə sonra dünyasını dəyişib.

Zeynəb bildirib ki, iki dəfə boşanmaq istəyib, lakin əri buna imkan verməyib. O, valideynlərinin evinə gedib, lakin uşaqlara görə geri dönüb. Həmin müddət ərzində ərinin həm onu, həm də ailəsini öldürməklə hədələdiyini deyib.

Məhkəmədə onu da qeyd edib ki, onların qızı yaşadıqlarını məktəbdə psixoloqla bölüşüb, lakin heç bir tədbir görülməyib.

Dindirildikdən sonra qadın həbs olunub və ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

İctimaiyyət iki yerə bölünüb: bir qrup bunu ümidsizlikdən doğan son addım, digərləri isə qəsdən və soyuqqanlı qətl hesab edir.

Siz necə düşünürsünüz?

Məqələ Rübabə Səməndər Runanın fb səhifəsindən götürülüb.
Seçilən
45
1
azadmedia.az

2Mənbələr