AZ

Qalibiyyətin beşinci paradı: Prezidentin strateji mesajları

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

I məqalə

Qələbədən beş il sonra

Nəinki bütün Azərbaycan, həm də bütün Türk dünyası 2025-ci il 8 noyabr Hərbi  Paradını heç zaman unutmayacaq. Bunun səbəbləri çoxdur. Ancaq başlıca siyasi, geosiyasi və hərbi güc mesajları olduqca vacib faktordur. Onların ümumi xarakteri həmin gün Bakıdan dünyaya dövlət başçısının verdiyi tarixi mesajların məzmunu ilə bağlıdır. Bu, müstəqil bir dövlətin prezidentinin öz ərazisini bərpa etdikdən və tam suverenliyə nail olduqdan sonra baş verənlərə və gələcəyə baxış vizyonunun özəllikləri prizmasında ayrıca aktuallıq kəsb edir. Möhtəşəm tarixi qələbədən beş il sonra Bakı Paraddan necə görünürdü? Prezident İlham Əliyevin Paradda etdiyi tarixi nitqinin mahiyyəti və ruhundan bu suala cavab tapmaq mümkündür! 

Müttəfiqliyə sadiqlik

Azərbaycan Prezidenti nitqinin əvvəlində vurğulamışdır: “Bu gün bizim paradda əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan .iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.Prezident İlham Əliyev sözün həqiqi mənasında Azərbaycan dövlətçilik ənənəsi və xalqın tarixi mənəvi-mədəni-əxlaqi ənənəsi müstəvisində nümunəvi fikir söyləmişdir. Dövlət başçısı səmimiyyətlə vurğulamışdır ki, Azərbaycan xalqının mənəvi dəyərlərindən qidalanan Azərbaycan dövlətçilik və liderlik ənənəsində qədirbilənlik, dosta və qardaşa sadaqətlilik həmişə birinci sırada yer almışdır. Vətən müharibəsində Türkiyə rəhbərliyi və xalqının Azərbaycan dövləti və xalqının, onun güclü liderinin yanında olmasını heç zaman unutmayacağıq və həmişə şükranlıqla yad edəcəyik! 

Bu mövqenin siyasi liderlik və dövlətçilik kontekstlərində geosiyasi anlamı böyük və dərindir. Hə şeydən öncə, Azərbaycan Prezidenti milli dövlətçiliyimizə fayda verən hər bir addımı yüksək qiymətləndirdiyini vurğulamışdır. Yəni həmişə olduğu kimi indi də Azərbaycan Prezidenti milli dövlətçilik maraqları mövqeyindən çıxış etmişdir. 

Bundan başqa, İlham Əliyev müstəqil Azərbaycan dövlətinin siyasi, hüquqi, mənəvi, mədəni, geosiyasi dəyərlərə çox ciddi yanaşdığını bir daha göstərmişdir. Onun əsas əlamətlərindən biri Azərbaycan dövlətinin Şuşa Bəyannaməsinin hər bir bəndinə ciddi dövləti münasibət göstərməsidir. Prezident İlham Əliyev qalib lider kimi bunu xüsusi vurğulamaqla hər şeydən öncə müstəqil demokratik və hüquqi dövlətin rəhbəri olduğunu bir daha sübut etmişdir. 

Bununla İlham Əliyev dövlət başçısı kimi etibarlı və yüksək etimada layiq milli lider olduğunu göstərmişdir. Məlumdur ki, vurğulanan keyfiyyətlər müasir geosiyasi təlimlərdə və liderologiyada olduqca vacib faktorlar hesab olunurlar.   

Paradda Türkiyə əsgəri: Azərbaycan əsgərinin gücünə yüksək ehtiram

Bunların məntiqi fonunda Prezident İlham Əliyevin nitqində ifadə edilmiş aşağıdakı fikirlər tarixi əhəmiyyətlidir. Dövlət başçısı bəyan etmişdir: “Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür”.

Bu fikirlər etnik qardaşlıqdan dövləti müttəfiqliyə hüquqi keçidin nümunəsidir. Azərbaycan Prezidenti Türkiyə ilə qardaşlığın əhəmiyyətinə diqqət edərək, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarının çərçivəsində fəaliyyət göstərdiklərini dünyaya bəyan etmişdir. Türkiyə hərbçilərinin Bakıdakı Paradda iştirakının da əsl mənası və hüquqi qiyməti bu kontekstdə dərk edilməlidir. Yəni digərlərindən fərqli olaraq Azərbaycan paytaxtı qardaş ölkənin belə hərbi qüvvələrini Vətən savaşında qalib gəlmiş dövlətin baş şəhəri olaraq qürur və alın açıqlığı ilə salamlayır! Türkiyə və Pakistan hərbçilərinin paradda iştirakı bu anlamda “Azərbaycan ordusu qardaşımızdır, onun gücünə və qüdrətinə tam inanırıq, bu ordu möhtəşəm Zəfər əldə etmişdir ki, qarşısında baş əyirik!”, mənasını verir. Avrasiyada bir ölkənin hərbi paradında digər dövlətlərin hərbi kontingentinin iştarkını bu cür dəyərləndirmək nümunəsi yoxdur! 

Buradan beş il müddətində Azərbaycanın hərbi qüdrətinin statsunun transformasiyasının bir vacib aspekti haqqında nəticə çıxara bilərik.

Qalib ordu obrazı: yeni mərhələ

Bu obraz Prezident İlham Əliyevin aşağıdakı tarixi mesajından aydın görünür. Ölkə rəhbəri firkilərinə davam edərək ifadə etmişdir: “Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.

Liderologiyanın prinsiplərindən bu fikirlərin semantikasına baxaq. Zamanca xronoloji olaraq Prezident İlham Əliyev Qələbədən sonra keçən beş ildə Azərbaycan dövlətçiliyinə və onun hərbi gücünə olan baxışların necə dəyişdiyini konkret ifadə etmişdir. İlk Qələbə Paradında Türkiyə Prezidenti R.T.Ərdoğan iştirak edirdi. Azərbaycan və Türkiyə Prezidentləri bayraqlarımız və əsgərlərimiz kimi qoşa dayanmışdılar. Azərbaycanın əldə etdiyi Zəfəri böyük qürur hissi ilə daxildən yaşayırdılar! Hər ikisi şən, gülərüz və nikbin idilər! Bu mənzərə yaddan çıxmadı, lakin qarşıdakı illərdə nələr olacağı bilinmirdi. 

Məhz bu aspektdən beş il öncəki Qələbə Paradı ilə indikini müqayisə edəndə Qalib Ordunun Qalib Ali Baş Komandanının fəaliyyəti sayəsində çox şeyin inkişaf etdiyini aydınca gördük. Prezident İlham Əliyevin yığcam formada beş ildən sonra Türkiyə Prezidenti ilə bərabər Pakistanın Baş Nazirinin iştirakını vurğulamasının siyasi-diplomatik anlamının sərhədləri həmin qənaət işığında təsəvvür edilə bilər. Yəni birinci Qələbə Paradında iki qardaş yan-yana dayanmışdı, beş illik gərgin fəaliyyətdən sonra üç qardaş yan-yana, əl-ələ Qələbə Paradını izləyirlər! Eyni zamanda, onlar bir yerdə üç qardaş dövlətin hərbi güclərinə vahid bucaq altında baxa bilirlər!

Etiraf edək ki, Türkiyə və Pakistan kimi çox güclü xüsusi təyinatlıları olan dövlətlərin əsgərlərindən Azərbaycan xüsusi təyinatlıların əsgərlərinin qüdrəti zərrə qədər də az deyildir! Azərbaycan əsgəri yüksək hazırlıqlı qalib savaçı kimi Paradda əzmkarlıqla addımlayırdı! Bu mənzərəni seyr etmək İlham Əliyev qədər R.T.Ərdoğana və Pakistanın Baş Naziri M.Ş.Şahbaza da yüksək zövq verirdi. Bu mənzərə Prezdeint İlham Əliyevin yorulmadan və intensiv surətdə son 5 ildə yeritdiyi siyasi-diplomatik fəaliyyətin birbaşa məntiqi nəticəsidir! Azərbaycanın dövlət başçısı rəhbəri olduğu müstəqil dövlətin identikliyini tam layiqincə və bütün çalarları ilə yüksək səviyyədə təmsil edə bilmişdir! Məhz buna görə də beş il əvvəl iki qardaş kürsüdən Azərbaycan ordusunun qüdrətindən zövq alırdısa, 2025-ci ildə qardaşların kürsüdəki sayı üç oldu! Bununla yanaşı, Paradda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Slovakiya, Səudiyyə Ərəbistanı və  Serbiya hərbi rəhbərliyinin yüksək səviyyəli təmsilçiləri iştirak edirdilər. Azərbaycan Prezidentinin Paraddakı tarixi nitqinin başlanğıcı məhz bu irəliləyişin möhtəşəm təsbiti oldu!     Müstəqil siyasət: qələbə yollarında

Təcrübə göstərir ki, Azərbaycan Prezidenti həmişə çıxışlarında siyasi varisliyə ayrıca önəm verir. Bu gün əldə edilən nailiyyətlərdə dövlət başçısı illərlə toplanan təcrübənin yeri və rolunu xüsusi vurğulayır. 

Azərbaycan lideri Paraddakı nitqində də bu qaydaya sadiq qalmışdır. Lakin keçilən yolu Vətən müharibəsindəki qələbə kontekstində dolğun izah etmişdir. Bu baxımdan Hərbi Paraddakı nitqində 1993-cü ildən başlayaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində həyata keçirilən siyasətin mühüm məqamları üzərində dayanmışdır. 

İlham Əliyev Ermənistanın Azərbaycanın bu fəaliyyətini anlamadığını vurğulamışdır. Dövlət başçısı nitqində demişdir: “Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər”.

Lakin reallıq tamamilə başqa mənzərəni ortaya qoydu. İlham Əliyev bu məqamı maraqlı təqdim etmişdir. Nitqində milli lider demişdir: “Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik”.

Bu fikirlərdə Vətən müharibəsinin tarixi əhəmiyyəti baxımından əsas faktorlar - ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin təmini məsələsi, dəqiq ifadə edilmişdir! 

Füzuli Qurbanov,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr