AZ

ASK-nın Turizm komissiyasının toplantısı keçirilib

ASK-nın Turizm komissiyasının toplantısı keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Turizm komissiyasının növbəti toplantısı keçirilib.

AFN.az xəbər verir ki, görüş səhər yeməyi masası ətrafında baş tutub və Azərbaycanda fəaliyyət göstərən turizm təşkilatlarının təmsilçiləri iştirak edib.

ASK-nin Turizm komissiyasının sədri Ruslan Quliyev bu ilin 10 ayında qurumun gördüyü işlər və həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, ASK 50-dən çox ölkədə analoji strukturlarla əməkdaşlıq edir və 25 ölkədə nümayəndəliyə malikdir. Ölkədə dövlət-biznes dialoqunda mühüm rol oynayan bir qurumdur.

Komissiya sədri əlavə edib ki, Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən bir çox ictimai təşkilatların rəhbərləri Turizm komissiyasının üzvüdür ki, bu da sahədə düzgün analizlərin aparılmasına və mövcud nöqsanların aşkarlanmasına imkan yaradır. Komissiya üzvləri beynəlxalq və yerli tədbirlərdə, seminar, konfrans və təlim proqramlarında aktiv iştirak edirlər.

Bildirilib ki, bu ilin iyun ayında Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Tibbi Turizm Sərgisi keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası sərgidə milli stendlə təmsil olunub və ölkənin müalicəvi turizm mərkəzlərini təqdim edib. Sərgi çərçivəsində “DeatchMedic” şirkəti ilə əməkdaşlıq Memorandumu imzalanıb.

Komissiya ölkə daxilində də müxtəlif layihələrdə iştirak edib, o cümlədən Zəngilan və Ağdərə bölgələrinə infoturlar təşkil olunub. Həmçinin, Bakı şəhərində “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçirilib və 250 nümayəndə iştirak edib.

Bildirilib ki, İqtisadi Şura tərəfindən yaradılan İşçi qrupun Alt komissiyasında Turizm komissiyası təmsil olunur və ölkənin turizm sektorunda mövcud problemlərin həlli üçün təkliflər hazırlayıb təqdim edir.

ASK sədrinin müavini Vüqar Zeynalov bildirib ki, bu il Azərbaycan Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik edir. Birliyin əsas məqsədi üzv ölkələr arasında ticarətin asanlaşdırılması, investisiya mühitinin inkişafına dəstək və ticari mübahisələrin həllinə yardım göstərməkdir.

Toplantıda həmçinin “Skal Baku” klubunun rəhbəri Ceyhun Aşurov, Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov və digər iştirakçılar çıxış edərək turizmin inkişafını ləngidən səbəbləri və mövcud problemlərin həlli istiqamətində təkliflərini təqdim ediblər.

Fəxriyyə ABDULLAYEVA

Seçilən
70
afn.az

1Mənbələr