AZ

Yaşıllaşdırma birliyinin nəfəsimizə axıtdığı zəhər: Təhlükəli “zəqqum ağacı” Bakını ağuşuna alıb

İldən-ilə, aydan-aya ucalan yüksəkmərtəbəli binaların, hər addımda gözə girən iaşə, ticarət obyektlərinin bolluğu Bakı şəhərində yaşıllıq zonaların qismən azalmasına səbəb olub.

Yerli, Bakıda anadan olan 79 yaşlı Yaxşıxanım Məmmədova deyir ki, sovet dönəmində yaşıllıqlar çox idi, tikintilər yaşıllıqlara nisbətən az idi. Amma indi Bakıda yaşıllıq azalıb. Həm də yaşıllıq ərazilərdə əkilən elə ağac və kol bitkiləri var ki, itələyici qoxusundan ora yaxınlaşmaq da, orada əyləşib oranın dadını çıxartmaq da mümkün deyil. Xüsusən, bir ağac növü var ki, ilin bütün fəsillərində müxtəlif rəngli çiçək açır; qırmızı, ağ , çəhrayı… Yaxınlığında oturmaq bir yana, yanından keçəndə qoxusu adamın başını ağrıdır” .

Təbii ki, bir çoxunuz belə iradlarla tez-tez qarşılaşmısınız. Bəlkə də elə özünüz də o bəzək ağacının yaxınlığında çox dayananda eyni düşüncədə olmusunuz.

“Başağrısı” verən, bəzək ağacının adı nədir?

Söhbət yarpaqları söyüd ağacına bənzədiyi üçün ölkəmizdə daha çox “söyüd gülü” kimi tanınan “oleander”dən gedir.

Ən çox qərbdə xüsusən Fransa, Türkiyə, Yunanıstan, İspaniya, İtaliyada, Mərakeş və Portuqaliyada, şərqdə isə Cənubi Çində geniş yayılıb. Keçmiş SSRİ ərazisində Krımın cənubunda, Qafqazın Qara dəniz sahillərində və Orta Asiyanın cənub böl¬gələrində becərilən bu agacın Azərbaycana kütləvi gəlişi isə 2015-ci ildə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsi günlərinə təsadüf edir. Xüsusi qulluğa ehtiyacı olmadığı, küləyə, quraq iqlimə, soyuğa və istiyə davamlılığına görə bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində sıx-sıx rast gəlinir.
Bo­yu 2-3, bə­zən hət­ta 5 m-ə ça­tan, qış­da be­lə yar­paq tök­mə­yən sıx bu­daq­lı bit­ki­dir. Yaz­da çi­çək­lə­nən və uzun bir çi­çək­lən­mə döv­rü­nə sa­hib olan “zəq­qu­m”un mey­və­si pax­la şək­lin­də­dir.

Latınca adı Nerium Oleander olan bu dekorativ bitki bütün dünyada “zəqqum kolu” kimi də tanınır.
Zə­hər­li ol­du­ğun­dan in­san və hey­van­lar üçün təh­lü­kə­li­dirHətta ölkəsində bu ağacın fəsadları ilə tez-tez üzləşən türk qardaşlarımız onu zarafatca “ölü- andır” adlandırırlar.

Gözəlliyin adı niyə “Zəqqum”?

Tibb mütəxəssislərinin fikrincə, gözəl çiçəkləri olan bu bitkinin bütün hissələri ölümcüldür. Yəni, ağac oleandirin və neriin kimi tanınan ölümcül ürək glikozitlərini ehtiva edir. Oleanderdən zəhərlənmə qarın ağrısı, ürəkbulanma, qusma, qanlı ishal, taxikardiya (sürətli ürək döyüntüsü) kimi simptomlarla nəzərə çarpır, daha sonra qan təzyiqinin düşməsi və ürək dayanması ilə nəticələnir.

Araşdırma zamanı məlum oldu ki, nüfuzlu “National Institutes of Health” (ABŞ-a məxsus “Milli Sağlamlıq İnstitutu”) bu bitkinin ölümcül olması ilə bağlı nəşrlərində yazılar dərc ediblər. Həmin məlumatların birində deyilir ki, oleander ağacı meyvə verən ağaclara yaxın bir yerdə əkilibsə tozlanma zamanı onun zəhəri meyvə ağaclarına da sirayət edir. Həmin ağacın meyvəsi orqanizmi zəif olan, başqa bir xəstəliklə mücadilə edən şəxslər üçün, həmçinin uşaqlar üçün böyük təhlükə mənbəyidir.

Alimlər onu da vurğulayır ki, bitkinin tərkibində dərman xammalı hesab edilən qlikozidlər də var.

Yarpaqlarından əldə edilən preparatlar əvvəllər məhlul və tabletlər vasitəsilə ürək-damar xəstəliklərinin müalicəsində kardiotonik agent kimi istifadə olunub. Hazırda bir çox ölkələrdə oleander preparatlarının istifadəsi məsləhət görülmür.

Fitoterapevt həkim Dr. Fizuli Hüseynov da dəfələrlə bildirib ki, bu ağaca əl vurmaq məsləhət deyil, xüsusən uşaqlara ondan uzaq durmağı izah etmək önəmlidir.
Bir sözlə, oleanderin zəhərli olması barədə məşhur bir rəvayət də söylənilir. Nəql edilir ki, Makedoniyalı İsgəndərin Kiçik Asiya ərazisindən Hindistana doğru yürüşü zamanı ordusu bir ərazidə gecələyir. Əsgərlər oleander budaqlarını sındıraraq şiş düzəldib kabab çəkib yeyir, daha sonra yatırlar. Səhər isə onların kütləvi şəkildə zəhərlənərək öldükləri məlum olur.

Quranda adı 3 dəfə çəkilən “Zəqqum” ağacı ilə Oleanderin oxşar xüsusiyyətləri

Maraqlıdır ki, dini kitablarda zəqqum ağacı haqqında da məlumat var. Təfsirlərdə qeyd olunur ki, cəhənnəmdə bitib acı, zəhərli meyvəsi “Cəhənnəmliklərə yediriləcək ağac” mənasını verir. Ərəb dilində “şəcərətüz-zakkum” (“mənşəyi zəhər olan”) adlanır. Quranda bu ağacın adı bir neçə dəfə keçir: (Saffat (37/62–68), Duhan (44/43–46) və Vaqiə (56/51–55).

“Hə­qi­qə­tən (Cəhənnəm­də­ki) Zəq­qum ağa­cı gü­nah­kar (ka­fir) kim­sə­nin ye­mə­yi­dir. Bu ərin­miş mis (yağ) ki­mi qa­rın­lar­da qay­nar, qay­nar su qay­na­yan ki­mi” (“Du­xan”, 43-46).

Daha bir maraqlı məqam isə Quranın bəhs etdiyi bu ağac yer üzün­dəki zəq­qum ağacı ilə eyni xüsusiyyətlərə malikdir.

Gün­də­lik hə­ya­tı­mız­da işlətdiyimiz “ağu-zə­hər”, “zə­hər-zəq­qum” ­, həm hə­qi­qi, həm də mə­ca­zi mə­na­da öl­dü­rən ye­mək mə­na­sı­nı ifa­də edir.

Mə­sə­lən, iç­ki və si­qa­re­təaid “bu zəq­qum at getsin ha­ram­dır, zəhərdi” de­yi­ldiyini də çox eşitmisiniz.
Elə bu səbəblə də müsəlmanlar yaşayan ərazilərdə bir inanc meydana çıxıb. Zəqqum ağacı hansı həyətdə əkilərsə, o yerdə bədbəxtlik olacağı deyilir.

Elm buna nə deyir?

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Bırliyi nə qədər ciddi cəhdlə parklarda, şəhərin ən sıx yerlərində, yol kənarlarında əkilən bu bitkinin zərərsiz olduğunu iddia etsə də,”əməkləri” boşa gedir. Beləki, hələ bir neçə il əvvəl AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva mediaya açıqlamasında bildirmişdi ki, oleandrın xüsusilə insanların sıx yaşadığı ərazilərdə əkilməsi təhlükəlidir:

“Bu bitkiləri geniş şəkildə gözəl görünüşünə görə əkirlər. Onu şəhərdən kənar yerlərdə, insanların az hərəkət etdiyi yollarda istifadə etmək olar. Hətta mən bu yaxınlarda Mərkəzi Nəbatat Bağının girəcəyində bu gülün əkildiyinin şahidi olmuşam. Mən oranın işçilərinə dərhal iradımı bildirdim”.

Küçələr zəhər saçırsa, əlac nədir?

Professor Səyyarə İbadullayeva oleandrı Azərbaycana xas və zəhərsiz bitkilərlə əvəzləmək mümkün olduğunu da qeyd etmişdi: “Ətrafı gözəlləşdirmək üçün qızılgül kollarından, onların sarmaşan növlərindən istifadə etmək olar. Böyük bitkilərdən isə həmişəyaşıl ağaclar çoxdur, onlardan istifadə etmək olar. Oleandrın parklarda, bağlarda və xüsusilə körpə uşaqların oynadığı yerlərdə əkilməsi qəti qadağan olunmalıdır”.

Artıq problemin həlli qalıb Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Bırliyinə … Ya öz xalqını zərərli dekorativ bitki ilə zəhərləməklə məşğul olmalıdır, ya da bun¬dan sonra paytaxtın park və digər əra¬zilərində deyil, yol kənarlarında, necə deyərlər, əldən-ayaqdan uzaq yerlərdə əkilməsinə üstünlük verməlidir. Seçim artıq Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Bırliyinindir…

Əntiqə Rəşid

Seçilən
16
nocomment.az

1Mənbələr