AZ

Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır?

Son günlər mediada Azərbaycan Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev haqqında ciddi iddialar işıq üzü görüb. Həmin məlumatlara görə, Qubada 8 noyabr Zəfər Günü ilə bağlı nəzərdə tutulan bayram tədbirini “Laguna Group” şirkəti keçirəcək. Məsələ burasındadır ki, şirkət Quba Rayon İcra Hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Şirkət göstərdiyi xidmətə görə 181 580,05 manat alacaq. Kiçik araşdırma zamanı məlum olub ki, nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102 olan şirkətin qanuni təmsilçisi Əsgərov Ramil Əsgər oğludur. Ən maraqlısı odur ki,

“Laguna Group” MMC-nin hüquqi ünvanında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev özü qediyyatdadır. Ümumiyyətlə, artıq bu tipli məlumatlar cənab Rəfiyev haqqında daha əvvəllər də yayılıb.

KONKRET.az-ın araşdırma qrupu bu məlumatların detallarına aydınlıq gətirib. Məlum olub ki, Yalçın Rəfiyev Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ilk azərbaycanlı məzunlarından biri olub. Qeyd edək ki, antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən, qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurası, INTERPOL və bir sıra digər beynəlxalq təşkilatların təşəbbüsü ilə təsis edilib.

IACA-nın əsas məqsədləri korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək, dövlət qulluqçuları, hüquq-mühafizə orqanları əməkdaşları, auditorlar, jurnalistlər və QHT nümayəndələri üçün tədris proqramları təşkil etməkdir. Araşdırmalarımızda diqətimizi çəkən ən ilginc fakt o oldu ki, akademiyanın əsas müəllimlərindən biri olan, Yalçın Rəfiyevə dərs deyən və onunla çox isti münasibətləri olan Luis Moreno Okampo daim Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanıb. Xalqımızın qanını içməyə belə hazır olan Okampo hələ 7 avqust 2023-cü ildə bir “ekspert rəyi” ilə ölkəmizə qarşı şər və haqsız iddialar yayıb. O, Azərbaycan dövlətini Qarabağ bölgəsində ermənilərə qarşı ‎“soyqırım” (genocide) etməkdə ittiham edib və müxtəlif səviyyələrdə etdiyi çıxışlarda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması məsələsini qabardıb.

Azərbaycan diplomatiyası isə onun rəyini rədd etməklə sübut etdi ki, bu proseslər ölkənin suverenliyə qarşı yönəlmiş siyasi açıqlamadan başqa bir şey deyil. Lakin ölkəmizə qarşı qərəzli münasibət anti-Azərbaycan yönümlü digər şəxslərin də ayrı-ayrı vaxtlarda “mütəşəkkil” şəkildə hücumları ilə nəticələnirdi. Qeyd edək ki, məhz bu xidmətləri ilə o, Ermənistanda hələ də bir qəhrəman hesab edilir. Məhz buna görə də Moreno-Okampo 2024-cü ilin yanvarında Ermənistan tərəfindən “Minnətdarlıq medalı” ilə təltif olunub. Görünən odur ki, bu təltif Azərbaycan qarşı yürüdülən insan hüquqları kampaniyalarına verilən əsas “qiymətdir”.

Bütün bu faktlar Okamponun Azərbaycanla bağlı düşmən mövqeyinin miqyasını göstərir ki, məhz bu məqam da onun dərs dediyi və yaxın münasibətlərdə olduğu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev haqqında başqa iddiaları da gündəmə gətirib.

Əvvəlcə qeyd edək ki, Yalçın Rəfiyevin belə bir akademiyada təhsil alması ilə ölkənin dövlət idarəçiliyində şəffaflıq və etik davranış baxımından örnək ola biləcək gənc diplomat obrazı yaratmışdı. Çünki ilk baxışdan belə görünürdü ki, Avstriyanın Laksenburq şəhərində yerləşən bu akademiyanın məqsədi məhz dövlət idarəçiliyində korrupsiyanın qarşısını almaq, antikorrupsiya mexanizmləri və etik idarəetmə təcrübələrini formalaşdırmaqdır.

Lakin illər keçdikcə Rəfiyevin karyerası və onun ailəsinə məxsus kommersiya strukturları ətrafında formalaşan mənzərə “antikorrupsiya məzununun” tədrisdə öyrəndiyi prinsiplərlə real idarəçilik təcrübəsi arasında ciddi uyğunsuzluq yaratdı.

Qeyd edək ki, Yalçın Rəfiyev 2016-cı ildə IACA-da ikiillik magistr proqramını bitirdikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) sürətli yüksəliş trayektoriyası nümayiş etdirib. O, əvvəlcə Beynəlxalq Təhlükəsizlik İdarəsində birinci katib, daha sonra Cenevrədəki BMT bölməsində birinci katib, ardınca idarə rəisinin müavini, 2019-cu ildə isə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb.

2023-cü ildə isə Prezident sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub. Bu yüksəliş, bir tərəfdən, peşəkar bacarıq göstəricisi kimi təqdim oluna bilər. Lakin onun ailə və biznes əlaqələri fonunda korrupsiya riski ciddi narahatlıq doğurur. Analitik baxımdan diqqət çəkən əsas məsələ odur ki, Rəfiyevin rəsmi qeydiyyatda olduğu ünvan Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 27, mənzil 102 – bir neçə kommersiya şirkətinin də hüquqi ünvanıdır. Bu şirkətlər arasında “Laguna Group” MMC (“Laguna Travel” brendi ilə),“MY WINGS” MMC, “Aqroman” MMC adlı müəssisələr var. Bu şirkətlərin idarəçiləri və təsisçiləri əsasən Yalçın Rəfiyevin yaxın qohumlarıdır – qardaşı Müzadil Rəfiyev və əmisi oğlu Ərtoğrul Qarayev.

Formal baxımdan bu, korrupsiya və vəzifədən sui-istifadə ittihamı yaratmır. Lakin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə görə, vəzifəli şəxsin birbaşa və ya dolayı şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu hesab edilir. Məhz bu “dolayı sahibkarlıq” elementləri Rəfiyev ailəsinin biznes strukturlarını diqqət mərkəzinə gətirir. Rəfiyevlərlə bağlı kommersiya qurumları, xüsusən “Laguna Group” və “Aqroman” MMC dövlət sifarişləri və tenderlər vasitəsilə milyonlarla manatlıq layihələr alıb.

“Laguna Group” MMC 2023-cü ilin oktyabrında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə 134 979 manatlıq müqavilə bağlayıb (“Şuşa Simpoziumu”nun təşkili üçün). “Aqroman” MMC 2022–2023-cü illərdə eyni qurumla ümumilikdə 2,3 milyon manatdan çox dəyərində müqavilələr imzalayıb. 2023-cü ilin dekabrında isə Qarabağ İqtisadi Rayonunun Yenidənqurma Xidməti ilə 745 730 manatlıq söküntü işləri müqaviləsi əldə edib. Ümumilikdə, 3,2 milyon manat dəyərində dövlət sifarişi Rəfiyevin qeydiyyatda olduğu ünvanla əlaqəli şirkətlərə yönəlib. Bu fakt antikorrupsiya prinsipləri baxımından potensial maraqlar toqquşması göstəricisidir.

COP29-un baş danışıqlar aparıcısı kimi təyin olunan Yalçın Rəfiyev eyni zamanda Azərbaycanın beynəlxalq imicinin formalaşmasında əsas fiqurlardan biridir. Lakin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 12 oktyabr tarixli aktına görə, onun qardaşına məxsus “Aqroman” MMC Şuşada qanunsuz ağac kəsimi faktı ilə cərimələnib. Bu hadisə “yaşıl enerji və ekoloji diplomatiya” konseptinin daşıyıcısı olan Rəfiyevin rəsmi və etik mövqeyi ilə ciddi ziddiyyət yaradır. Bu hallarla bağlı nə Xarici İşlər Nazirliyi, nə də İqtisadiyyat Nazirliyi ictimaiyyətə izah təqdim etməyib. Şirkət rəhbərlərinin cavabları isə ya inkar, ya da etik normaları pozan etiraflar şəklində olub. Məsələn, Müzadil Rəfiyev etiraf edib ki, bəzən tender olmadan dövlət qurumları ilə müqavilə imzalayıb. Bu isə əlbəttə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsinə ziddir. Yəni, problem artıq etik səviyyədən çıxaraq hüquqi məsuliyyət sferasına keçir.

Yalçın Rəfiyev haqqında hekayəni bilən hər kəs ilk nöbvədə belə düşünürdü ki, o, Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu kimi korrupsiyanın institusional və mədəni səbəblərini ən yaxşı bilən şəxslərdən biri olmalı idi. Onun akademiyadakı müəllimi, Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno-Okampo məhz mərasimlərin birində deyirdi:

“Korrupsiya ilə mübarizə aparanlar onu törədənlərdən hələ də daha ləng hərəkət edirlər”.

Bu sitat Rəfiyevin öz həyat trayektoriyası fonunda simvolik məna qazanır. Çünki onun karyerası göstərir ki, Azərbaycanda institusional etik normalar fərdi uğur qarşısında çox zaman simvolik səviyyədə qalır.

Beləliklə, Yalçın Rəfiyevin hekayəsi təkcə bir məmurun yüksəlişindən və ailə biznesindən ibarət deyil. Bu, həm də Azərbaycan dövlətinin imicinə vurulan bir göstəricidir.

Çox təəssüflər olsun ki, Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu, COP29-un əsas diplomatı olan Yalçın Rəfiyevin ailə üzvlərinə məxsus milyonluq dövlət sifarişləri, ekoloji pozuntu ilə əlaqələndirilən şirkətlər hələ ki, heç bir araşdırmaya məruz qalmayıb.

Seçilən
18
8
nocomment.az

9Mənbələr